”Bu ili də birtəhər yola verdik”

… Aylin Nəbiyeva 104 saylı məktəbin 3-cü sinif şagirdidir. O, yeni dərs ilinin açılmasını səbrsizliklə gözləyir:

“Ana dili”ni də yaxşı oxuyuram, riyaziyyatı da. Nə riyaziyyatdan, nə də ana dilindən çox dördüm var”.

Anası Mətanət Nəbiyeva məktəb ləvazimatlarının qiymətindən narazıdır. O, qızının məktəb xərclərinin ildən-ilə artmasından gileylənir:

“Ümumi götürdükdə, keçən il dəftəri 20 qəpiyə alırdımsa, bu il onlar 25-30 qəpikdir. Karandaşlar da onun kimi”.

Məktəb ləvazimatı satan satıcı isə deyir ki, yerli mallarda bahalaşma yoxdur. Qiymət artımı daha çox xaricdən gətirilən mallarda müşahidə olunur:

“Çinin, Türkiyənin və başqa yerlərin də məhsulları var. Qiymət artımı daha çox onlarda müşahidə olunur. 24 vərəqli dəftərlər Rusiya məhsuludur. Keçən il 45 qəpik idi, bu il 50 qəpikdir.  100 vərəqli dəftərlərdə qiymətlər standartdır”.

 Mətanət Nəbiyevanın gileyi dəftər, qələm, karandaşla bitmir. O deyir ki, keçən illə müqayisədə məktəbli formasının da qiyməti artıb.

-“Keçən il köynəklər 10 manat idi, bu il 13 manatdır. Ümumi  götüdükdə, ötən il iki uşağa görə xərclər bundan  200 manat az idi”.

Bakı Tikiş Evinin satış meneceri Etibar Əzimov məktəbli formalarında 7 faiz artım olduğunu bildirir. Bu isə cəmi 3 manat edir:

“Bütün materiallar Türkiyədən gəlir. Alınmış  materiallarda dollarla manat konvertasiya olunur, göndərilir. Bizim öz mağazalarımızın hamısında – istər əsas mağaza olsun, istər filiallar  olsun,  hamısında bir qiymət var.  Biz kənar mağazalarda alınan mallara zəmanət vermirik. Bizim adımızdan Bakı Tikiş Evi yazırlar. Amma məlumdur ki, onlar saxtadırlar”.

 İqtisadçı Rövşən Ağayevin məsələyə münasibəti belədir:

“Hökumətin son statisik məlumatlarına görə, Azərbaycanda orta aylıq əmək haqqı təqribi 450 manatdır. Bir şagirdin məktəbli ləvazimatları isə ümumi 120-130 manatdan çox edir. Bu da gəlirin 1/4-i deməkdir. Təxmini 15 faizə qədər bahalaşma hiss olunur.  Manat ucuzlaşmağa davam edəcəyi halda gələn il biz artıq başqa qiymətlərin şahidi olacağıq”.

Məktəblilərin sentyabr xərcləri ilə bağlı məsələni şəhər sakinləri birmənalı yanaşmır.

Mətanət Nəbiyeva Aylinin builki məktəb xərclərini birtəhər yoluna qoya bildiyini deyir. Gələn ilin sentyabrında qiymətlər necə olacaq, qızının məktəb xərclərini həll edə biləcəkmi? Mətanət xanım bundan xəbərsizdir.

Ana səhifəVideo”Bu ili də birtəhər yola verdik”