Gürcustanda 8 oktyabr 2016-cı ildə Parlamentə seçkilər keçiriləcək və bu prosedə 20-ə yaxın etnik azərbaycanlı olan namizəd iştirak edir. Parlament seçkilərində Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçkilərlə bağlı layihəsinin koordunatoru Samirə Bayramova proses başlayana qədər etnik azərbaycanlıların sıx yaşadığı bölgələrdə olub. Seçkinin əhəmiyyətindən, seçimin necə aparılmasından danışıb və ümumilikdə maarifləndirmə işləri aparıb. Layihə çərçivəsində əhali ilə görüşlər keçirən ekspert deyir ki, insanları seçkidən çox onların məişət problemlərinin həlli maraqlandırır.
Seçki missiyasının işi heç də asan olmayıb, yerlərdə bəzən problemlərlə də qarşılaşıblar. Belə ki, namizədlərdən bəziləri şəxsi əlaqələrindən istifadə etmək istəyərək, layihəni öz təbliğatlarında istifadə etməyə çalışıb və Samirə xanıma sosial media üzərindən müraciətlər ediblər.
Əhalisinin 83 %-i azərbaycanlılardan ibarət olan Marneuli bölgəsindən namizəd olan Əhməd İmamquliyev müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının nümayəndəsidir. 2014-cü ildə yerli özünüidarə orqanları seçkilərinə qatılan Əhməd İmamquliyev saxtakarlığa yol verildiyi üçün seçilə bilmədiyini, ancaq budəfəki seçkilərdə qalib gəlmək şansının çox olduğunu deyir. Marneuli rayon mərkəzi və 30-dan çox kəndi birləşdirən dairənin namizədi vəd verir ki, seçiləcəkləri təqdirdə ölkə üzrə bir sıra köklü dəyişikliklər həyata keçirəcəklər.
Yeni yaradılan Vahid Gürcüstan Partiyasının Bolinisi bölgəsindən namizədi ixtisasca həkim olan Fərman Ceyranlıdır. O, Gürcüstanda siyasi partiyalar arasında ilk şəxsdir ki, həm partiya siyasi şurasında təmsil olunur, həm də adı Vahid Gürcüstan Partiyası sıyahısında ilk onluqda yer alıb.
Dövlət Xalq üçün Partiyasının Marneuli 35-ci seçki dairəsindən namizədi Kamran Mamedovdur. Onun da partiyası yeni yaradılıb və namizədliyini irəli sürdüyü dairədəki seçicilərin böyük əksəriyyəti etnik azərbaycanlılardır. Əhalinin seçkilərə marağının zəif olduğunu deyən namizəd inamsızlığın səbəbini onların daha əvvəlki illərdə seçilən millət vəkillərinin öz vədlərini yerinə yetirməməsində görür.
Meydan TV olaraq dəfələrlə hakimiyyətdə olan “Gürcü Arzusu” Partiyasından namizədlikləri irəli sürülmüş Ruslan Hacıyev və Savalan Mirzəyevlə əlaqə saxlayaraq müsahibə almağa çalışsaq da, vaxt azlığını əsas gətirərək, bizimlə görüşmək istəmədilər. Həmin namizədlər Tiflis şəhərində “Düşünən Vətəndaş” layihəsi tərəfindən etnik azərbaycanlı namizədlər arasında təşkil olunan ictimai müzakirəyə də əvvəlcə gələcəklərini desələr də, son anda qərarlarını dəyişib, tədbirə qatılmadılar.