Bu il istehlak məhsulları bahalaşıb

Rövşən Ağayev: ”Qiymət artımında idxal amilinin rolunun az olmadığı nəzərə alınmalıdır”

Source:
Dövlət Statistika Komitəsi


Rövşən Ağayev: ”Qiymət artımında idxal amilinin rolunun az olmadığı nəzərə alınmalıdır”

2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb.

Məlumatı Dövlət Statistika Komitəsinə istinadən modern.az yayıb.

Komitə cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 1,6 faiz, ərzaq məhsullarının qiymətlərinin 2,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin isə 1 faiz bahalaşdığını qeyd edib.

“Fevralda yanvar ayı ilə müqayisədə ərzaq və qeyri-ərzaq məhsullarında da artım müşahidə olunub. Bundan əlavə, əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətlərində ucuzlaşma, avtomobillərin, mebel və döşəmə örtüklərinin təmiri xidmətlərinin, tibbi və stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub”,-deyə məlumatda bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatını Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev hesab edir ki, hazırkı iqtisadi mənzərə inflyasiyaya çox həssas mərhələsini yaşayır:

“Düzdür, qiymət artımında mövsümü, bayramöncəsi məqam da var, amma başqa vacib amili xatırlamaq lazımdır”.

Rövşən Ağayev

Rövşən Ağayev xatırladıb ki, 2016-cı ilin yanvar-fevral aylarında manatın orta məzənnəsi 1,5, bu ilin yanvar-fevral aylarının nəticələrinə görə manatın orta məzənnəsi 1,8 olub. Faktiki olaraq dollar manata nisbətdə 20 faiz bahalanıb:

“Bilirsiniz ki, Azərbaycanın istehlak bazarı- ərzaq, yaxud qeyri-ərzaq məhsulları-idxaldan kəskin asılıdır. Ona görə manat ucuzlaşanda, dollar bahalaşanda idxal mallarının qiymətində dərhal artım olur. Ötən ilin dekabr ayının sonlarında və yanvarda ərzaq bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artımı buna sübutdur.  Ona görə qiymət artımında idxal amilinin rolunun az olmadığı nəzərə alınmalıdır”.

Son vaxtlar manatın dollara nisbətdə bahalaşmasına gəlincə, R.Ağayev deyib ki, bu tendensiya yalnız fevralda özünü büruzə verir. Məsələ ondadır ki, idxal malları 2-3 ay əvvəl gətirilir, üstəlik anbarlarda da qalır, yəni onların qiymət artımı təbiidir. Manatın bahalanması isə fevralda olub və bu, apreldə özünü büruzə verəcək”.

Ana səhifəXəbərlərBu il istehlak məhsulları bahalaşıb