Monitorinq Qrupu prezidnetə əfvlə bağlı müraciət edib
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun təmsil olunduğu Monitorinq Qrupu prezident İlham Əlıiyevə əfv fərmanıyla bağlı müraciət edib.
Bu barədə N.Cəfəroğlu Meydan TV-yə danışıb.
Hüquq müdafiəçiləri Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyini və Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ərəfəsində bir sıra məhbusların azad edilməsi xahiş ediblər.
“Eleonora Ruzvelt tərəfindən hazırlanan Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi 2018-ci ildə bütün dünyada böyük təntənə ilə qeyd olunacaq. Təbii, sivil dünyanın bir parçası kimi insan hüquq və azadlıqlarına dəyər verən Azərbaycan Respublikası bu prosesdən kənarda qalmayacaq. Ümid edirik ki, uzun illərin ənənəsini davam etdirərək bu il də bir sıra məhbusların azad edilməsinə fərman verəcəksiniz. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinin astanasında Sizə müraciət edərək rəsmi Bakı ilə beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini rica edirik. Sizin bu humanist addımınız, biz hüquq müdafiəçilərinin bayramına böyük hədiyyə olar, eyni zamanda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cəmiyyətdə vətəndaş sülhünün yaranmasına xidmət edər”,-deyə müraciətdə qeyd olunub.
Novella Cəfəroğlu bildirib ki, onlar 2018-ci ildə, AXC-nin 100 illiyinin qeyd olunduğu il Azərbaycanda siyasi məhbusların qalmamasını istəyirlər.
“Hər il oxşar müraciətləriniz olsa da, ümidləriniz tam gerçəkləşmir, bu dəfə oxşar mənzərə ilə qarşılanmayacaqsınız ki” sualına belə cavab verib:
“Bu il insafa gəlib ümidlərimizi doğrultmalarını istəyirik”.
Sonuncu əfv fərmanı martın 16-da
imzalanıb
. Əfv siyahısında NİDA-çı Əbdül Əbilov, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin və “Meydan TV”-nin rəhbəri Emin Millinin qohumları, İsmayıllı hadisələrinə görə həbs olunan şəxslərin adları da var idi.