Bu il daha 3 Olimpiya kompleksinin açılışı gözlənilir

İlham Əliyev bunu bölgədə idmanın inkişafı kimi dəyərləndirir

Source:


İlham Əliyev bunu bölgədə idmanın inkişafı kimi dəyərləndirir

Regionların inkişafı ilə bağlı son 15 ildəki sayca 3-cü, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da başa çatdı. Proqramın icrasının yekunlarına həsr olunan konfransda

prezident İlham Əliyev

də iştirak edib. O, çıxışında ölkənin iqtisadi göstəricilərindən danışıb.

Deyib ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib:

“Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik”.

Bölgələrdəki Olimpiya komplekslərindən danışan prezident bildirib ki, bundan sonra da Olimpiya komplekslərinin tikintisi davam etdiriləcək:

“Təkcə, bu il üç Olimpiya kompleksinin açılışı gözlənilir. Bu da bölgələrdə idmanın inkişafına xidmət göstərir”.

Ötən il Beyləqanda yeni Olimpiya İdman Kompleksinin təməli qoyuldu.

Gənclər və idman naziri Azad Rəhimov bu idman kompleksinin sayca 45-ci olduğunu söylədi:

“Bu gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir. Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir” – deyə, Azad Rəhimov bildirib.

Beyləqan OİK-nin tikintisinə prezident İlham Əliyevin 23 mart 2018-ci il tarixli

sərəncamı

ilə 16,5 milyon manat vəasit ayrılıb.

Komleksin layihələndirilməsi Azərbaycanın “Art Proje” şirkəti tərəfindən hazırlanır. Tikintisini isə “TAVV Construction” MMC-i icra edəcək. Ərazisi 2,61 ha olacaq.

İqtisadçılar dəfələrlə belə komplekslərin sadə vətəndaşların üzünə açıq olmadığını, tikintisinin boş büdcə sərfi olduğunu söyləyiblər. Olimpiya Komplekslərinin saxlanılmasına da yüzminlərlə manat dövlət vəsaiti ayrıldığından büdcəyə sərf etmədiyini bildiriblər.

Azərbaycanda OİK-lər 2002-ci ildən işə başlayıb. Naxçıvan OİK-in açılışında o vaxtkı prezident Heydər Əliyev hər bir kompleksin İlham Əliyevin xalqa hədiyyəsi olduğunu demişdi. Rəsmi sənədlərdə və hesabatlarda komplekslər İlham Əliyevin idmana qayğısı kimi qiymətləndirilir. Amma

Azadlıq Radiosu

nun 2012-ci ildə apardığı araşdırma bəzi komplekslərin istifadəsiz, bəzilərininsə təyinatı üzrə fəaliyyət göstərmədiyini üzə çıxarmışdı. Araşdırmadan məlum olmuşdu ki, Şəki OİK “General Construction” MMC-nin balansındadır. Qazax, Qusar və Zaqatala OİK-lərini də bu şirkət öz vəsaitilə inşa edib. “General Construction” 2001-ci ildə Panamanın “Oceanstream” şirkəti tərəfindən təsis olunub. Şirkət azərbaycanlı iş adamı Xəqani Bəşirova məxsusdur. O dövrdə Gənclər və İdman Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Rüfət Həsənov demişdi ki, komplekslərdən 16-nı Gənclər İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komistəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib. Dövlət büdcəsi hesabına tikilən OİK-lərə 200 milyon manata yaxın vəsait xərclənib.

Ana səhifəXəbərlərBu il daha 3 Olimpiya kompleksinin açılışı gözlənilir