Bu il 490 nəfər yol qəzasında ölüb

Ötən 8 ayda 1331 yol-nəqliyyat hadisəsi olub və 1409 nəfər xəsarət alıb

Source:
Yol qəzası
Yol qəzası


Ötən 8 ayda 1331 yol-nəqliyyat hadisəsi olub və 1409 nəfər xəsarət alıb

2016-ci ilin 8 ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, nəticədə 490 nəfər ölüb, 1409 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 128 fakt (8,8%), ölənlərin sayı 93 nəfər (16%), xəsarət alanların sayı 123 nəfər (8%) azalıb.

Bu ilin 8 ayı ərzində Bakı şəhəri ərazisində 440 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunların nəticəsində 118 nəfər ölüb, 463 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 99 fakt (18,4%), 35 nəfər (22,9%), 124 nəfər (21,1 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,5 faizi (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8 faizi (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3 faizi (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9 faizi (26 hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 40,4 faizini (539) piyadaların vurulması təşkil edib ki, nəticədə 195 piyada həlak olub, 394-ü yaralanıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 35 nəfər uşaq və yeniyetmə ölüb, 124 nəfər xəsarət alıb.

Ana səhifəXəbərlərBu il 490 nəfər yol qəzasında ölüb