Fəxrəddin Mehdiyev

Mənbə: Foto: Meydan TV

Başlıq: Fəxrəddin Mehdiyev

Bu günün və gələciyin ideyası

İnsan azadlığı insan potensialının açılmasının qarantıdır

İdarəçiliyin klassik forması siyasi realizm hesab edilir və onun tarixi kökləri çox qədimlərə gedir, arsenalı isə genişdir. Nikolla Makiavelli siyasi realizmin ideya daşıyıcısı hesab edilir, yazdığı “Hökmdar” əsərində siyasi realizmi əsaslandırır. Makiavelli hesab edirdi ki, bütün insanlar mahiyyəti etibarı ilə eqoistdirlər, ona görə də hakimiyyət dövlətin sabitliyi üçün eqoist maraqları balanslaşdırmalıdır və bunun üçün bütün vasitələrdən istifadə edə bilər. Makiavelli əxlaqi dəyərlərdən şəraitə uyğun istifadə etməyi göstərirdi və ümumiyyətlə əxlaqi siyasətə tabe edirdi. Ona görə də “makiavellizm”in mənfi assosiasiyalar yaratması belə yanaşmanın nəticəsidir. İntibah dövrünün siyasi nəzəriyyəsi bu gün də davam edir, öyrənilir və tətbiq edilir. Lakin deyildiyi kimi həyat davam edir, ən qatı ehkamlarda dəyişir, siyasi idarəçilikdə də yeni baxışlar yaranır.

Maraqlı cəhətlərdən biri odur ki, bütün insanları eqoist qəbul etdiyindən hakimiyyətin maraqlar üzərinə qurulmasının vacib hesab edən siyasi realizmi, insanların eyni zamanda xeyirxah olduğuna da əsaslanan və hakimiyyətin dəyərlər üzərində qurulmasını vacib hesab edən siyasi romantizm dünyagörüşü kimi özünə yol tapır və rəğbət qazanır. Ümid etmək olar ki, informasiya sivilzasiyasının yaranması ilə bu siyasi dünyagörüş dominant olacaq. Çünki bu hakimiyyətin mahiyyətinə keyfiyyətçə yeni, insani baxışdır.

“Kütləvi informasiyanın elektron vasitələri dəyərlər sistemini dəyişir, onlar da öz növbəsində bizim cəmiyyətin təbiətini dəyişir”. (Lester Turou)

Kompüter texnikası və informasiya texnologiyasının sürətli inkişafı bilik və informasiyaya əsaslanan informasiya cəmiyyətinin yaranmasına səbəb olur.

O.Toffler, D.Bellaz, Z.Bjezinskiy və digər alimlərin konsepsiyasına görə informasiya cəmiyyəti post-industrial cəmiyyətin bir növüdür, informasiya sektoru iqtisadiyyatın kənd təsərrüfatı, sənaye və xidmətdən sonra dördüncü sektorunu təşkil edir və hesab olunur ki, industrial cəmiyyətin əsasını təşkil edən kapital və əmək informasiya cəmiyyətində bilik və informasiya ilə əvəzlənəcək.

Cəmiyyətin informasiya mərhələsinə keçid faktının müxtəlif kriteriyaları vardır. Məsələn, hesab edilir ki, əgər cəmiyyətdə əhalinin 50%-dən çoxu xidmət sahəsində işləyirlərsə, cəmiyyət post-industrial mərhələyə daxil olmuşdur, əgər cəmiyyətdə əhalinin 50%-dən çoxu informasiya xidmətində çalışırlarsa, belə cəmiyyət informasiya cəmiyyəti hesab edilir. Bu meyarlara görə ABŞ öz inkişafında 1956-cı ildə post-industrial mərhələyə daxil olmuşdur, 1974-cü ildə isə informasiya cəmiyyətinə çevrilmişdir (Pravovaya İnformatika. Teoriya i praktika. M. 2013 s.19).

Bəşəriyyətin özünün inkişafında yeni mərhələyə - humanizmə əsaslanan informasiya sivilzasiyasına daxil olur. İnformasiya cəmiyyətinin əsasını mənəvi prinsiplər, şəxsiyyətin aliliyi, insan rifahı və azadlığı təşkil edir. İnsan azadlığı insan potensialının açılmasının qarantıdır. Dövlətin isə ali məqsədi insan azadlığının təmin etməsidir. İdarəetmə forması da bu dəyişikliyə uyğun olmalıdır. Siyasi realizm maraqlara əsaslandığından bu missiyanı apara bilməz. Ona görə də dominantlıq dəyərlərə əsaslanan siyasi romantizmlə əvəzlənməsi prosesi gedir və üstünlüyünü göstərir:

*Çünki siyasi realizm avtoritar təfəkkürə, siyasi romantizm isə bəşəri, demokratik təfəkkürə əsaslanır.

*Siyasi realizm “güclü şəxsiyyət - lider” adı ilə manipulasiyalar yaradır. Siyasi romantizm isə hər bir şəxsi güclü şəxsiyyət kimi görür.

*Siyasi realizm azadlığı, ədaləti yalnız özü üçün istəyir, siyasi romantizm azadlığı, ədaləti hamı üçün istəyir.

*Siyasi realızm hər bir insana eqosit kimi baxır, eqozmi balanslaşdırmaq üçün daha çox “buxovdan” istifadə edir, siyasi romantizm hər bir insanda xeyrixahlıq görür və ona qanad verir.

*Siyasi realizm siyasəti “çirkin oyun” kimi təqdim edir, siyasi romantizm isə siyasəti insanlara rifah və azadlıq gətirən sənəd hesab edir.

*Və nəhayət, siyasi realizm əxlaqı siyasətə tabe edir, siyasi romantizm isə siyasətə əxlaqa tabe edir.

Ona görə də bu ideya bu günün və gələciyin ideyasıdır!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/375h05

Ən çox baxılan