“Əgər məhkəməni uzatmaqla mənim ölməyimi istəyirlərsə, bəri başdan desinlər, özüm tezləşdirim”
Müsavat Partiyası və Milli Şuranın fəalı Tofiq Yaqublu 17-ci gündür ki, aclığı davam etdirir. Onun apelyasiya şikayəti üzrə ilkin baxış iclası on gün sonraya təyin edildiyinə görə vəkilləri təkrar məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bu barədə Meydan TV-yə məlumat verən vəkil Aqil Layıc bildirib ki, T.Yaqublunun sağlıq durumunun ağırlığını nəzər alıb, onun ev dustaqlığına buraxılması üçün sentyabrın 18-də məhkəməyə vəsatət veriblər.
Amma bu müraciətdən az sonra məlum olub ki, sentyabrın 28-nə təyin olunmuş məhkəmə iclasının vaxtı dəyişib. İlkin baxış iclası sentyabrın 18-nə təyin edilib. Bu üzdən vəkil də ev dustaqlığına buraxılma ilə bağlı vəsatətini geri götürüb.
A.Layıc bu gün T.Yaqublunun özü ilə də görüşüb. Vəkil bildirib ki, müvəkkilinin sistemlərdən imtina etməsi onun durumuna kəskin təsir göstərib.
T.Yaqublu hökmdən verilən şikayətinə ilkin baxış iclasının sentyabrın 28-nə təyin edilməsinə də münasibət bildirib.
“Əgər məhkəməni uzatmaqla mənim ölməyimi istəyirlərsə, bəri başdan desinlər, özüm tezləşdirim”, – T.Yaqublu belə deyib.
Həkim Adil Qeybulla da sistemlər və tibbi müdaxilədən imtinanın T.Yaqublunun səhhətinə daha çox təsir göstərdiyini deyib. Bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib: “Bir az da belə davam etsə, Tofiq Yaqublunun səhhətində geridönməz fəsadlar yaşanacaq. İndi siz qərar verin, Tofiq Yaqubluya münasibət sifarişli və qərəzlidir, ya yox? Bu ölkədə hüquq yoxdur, bu ölkədə sifariş və əmr vardır. Tofiq Yaqublu siyasi sifarişlə həbs olunub və dərhal qeyd-şərtsiz azadlığa buraxılmalıdır…”
Sentyabrın 17-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sədrinin müşaviri Şəhriyar Fətullayev T.Yaqubluya baş çəkib.
Şəhriyar Fətullayev T.Yaqublunun durumunun kafi-ağır olduğunu bildirib: “Biz həkim olaraq dərhal aclığı dayandırmasını tövsiyə etdik. Əks halda, aclıq prosesi davam etdiyi müddətdə orqanizmində gedən metobolik proseslər daha da dərinləşə bilər. Hazırkı vəziyyətində isə həyatı üçün təhlükə yoxdur. Ümumi olaraq, Tofiq Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirilir”.
Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və həbs edilib. İttihama görə, Tofiq Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.
Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. Beynəlxalq təşkilatlar T.Yaqubluya qarşı ittihamların geri götürülməsini tələb edir, onun həbsini siyasi sifariş sayırlar.