Bu gün TANAP-ın Türkiyə hissəsinin təməli qoyulacaq

Natiq Cəfərli: “Azərbaycan xərclərini optimallaşdırmasa, SSRİ üçün BAM necə bir ağır yük gətirən layihə oldusa, bu projelər də bizim üçün elə ağır yük gətirəcək”

Source:


Natiq Cəfərli: “Azərbaycan xərclərini optimallaşdırmasa, SSRİ üçün BAM necə bir ağır yük gətirən layihə oldusa, bu projelər də bizim üçün elə ağır yük gətirəcək”

Martın 17-də Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsinin tikintisinə başlanılacaq. təməlqoyma mərasimində Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğanın iştirakı gözlənilir.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşacaq və bu nöqtədən etibarən TAP ilə bağlanacaq. Ötən ilin oktyabr ayında imzalanan Ana Xətt Boruları Satınalma Sözləşmələri çərçivəsində ümumi boru həcminin 80 faizinin Türkiyə istehsalçıları tərəfindən tədarük edilməsinə və dekabr ayında imzalanan Quru Sahəsi üzrə Boru Xətti İnşaat Sözləşmələri çərçivəsində boru xəttinin Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan 56 düym diametrindəki 1334 kilometrlik hissəsinin üç lot halında, aralarında Türkiyə və Azərbaycan podratçılarının çoxluq təşkil etdiyi şirkətlər tərəfindən inşa edilməsinə qərar verilib.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti – 58 faiz, BOTAŞ – 30 faiz, BP – 12 faiz.

Hadisəni öz Facebook səhifəsində şərh edən iqtisadçı Natiq Cəfərov qazın Qərb marşrutu ilə ixrac olunmasını həmişə dəstəkləsə də, problemləri də qabardıb, təkliflərini səsləndirib.

Onun sözlərinə görə, əgər Azərbaycan bu layihələrlə bağlı xərclərini optimallaşdırmasa, SSRİ üçün BAM necə bir ağır yük gətirən layihə oldusa, bu projelər də bizim üçün elə ağır yük gətirəcək: “Təəssüf ki, Azərbaycan hökuməti dünyada gedən prosesləri izləyə, trendləri görə bilmir, nəticələr çıxartmır. Dünyanın enerji xəritəsi də, enerji bazarı da sürətlə dəyişir, artıq bu bazarda şantaj, neft-qazla dost tutmaq addılmarı keçmir, çox praqmatiq, qəddar qanunlar işləməyə başlayır, rəqabət mühütü kəskinləşir, Avropa bazarına yaxın 5 ildə, ən azı, 5-6 yeni oyunçular daxil olacaq. Azərbaycan bu layihələrə (Şahdəniz-2 ilə bir yerdə) 25 mlrd. dollara yaxın vəsait qoyacaq ki, bunun geri dönüşü (qazancını demirəm), ən azı, 15 il alacaq. Yaxın illərdə qaz qiymətləri kəskin ucuzlaşacaq, ABŞ, Avstraliya, Katar, Misir, Kipr, İsrail, İran, İraq kimi yeni ciddi qaz ixrac edən oyunçular yaranacaq və güclənəcək”.

“Bizim ildə 10-12 mlrd. m3 qaz nə Avropada havanı dəyişəcək, nə də bizə ciddi iqtisadi divident gətirəcək. Ona görə də, dərhal xərclərin optimallaşdırılması və azaldılması üçün yeni təkliflər hazırlanıb qəbul edilməlidir…”,- deyə Natiq Cəfərli fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərBu gün TANAP-ın Türkiyə hissəsinin təməli qoyulacaq