Normalda televiziyanın fəlsəfəsi nədir? Televiziya və media hökümətlə xalq arasında ünsiyyət vasitələrindən ən başlıcasıdır. Belə ki, hökümət öz qərarları, planları, ümumiyyətlə, bütün fəaliyyəti haqqında məlumatları daim televiziya və media vasitəsilə xalqa ötürür. Televiziya və media sanki hökümətin hesabat gündəliyidir, xalq baxır və oxuyur. Hökümət bununla həm məsul olduğu xalq qarşısında öhdəliklərinə dair hesabatı təqdim edir, həm də bu hesabatla bağlı xalq rəyini ala bilir. Onun üçün bütün hallarda ( manipulasiya etməyə, hansısa məsələ ilə bağlı kütlənin gəldiyi nəticələri öyrənməyə, gərginliyi yoxlamağa) öhdəliyini bu şəkildə yerinə yetirmək vacib və özünün xeyrinədir.
Xalq rəyini isə azad televiziya və media ortaya çıxara bilir. Əgər televiziya və media vasitələri müstəqildirsə və əgər hökümət medianın işinə qarışıb öz fəaliyyətinə dair müstəqil rəyi əngəlləmirsə. Bütün dünyada inkişaf etmiş demokratiyaların uğuru həm də budur. Hesablaşmaq. Açıq və inkişaf etmiş cəmiyyətin qurulmasında azad medianın rolu birinci dərəcəlidi. Çünki yalnız azad media vasitəsilə vətəndaşlar öz səslərini hökümətə və aidiyatlı qurumlara çatdırır, onların fəaliyyətinə dair şərh və tənqidlərini, araşdırmalarını geniş ictimaiyyətə təqdim edə bilir. Bu mexanizm özü isə dövləti və bütün dövlət orqanlarını, şirkətləri, nazirlikləri və s daim şəffaflığa, daha açıq fəaliyyətə və beləliklə təkmilləşməyə sövq edir. İctimai nəzarət son dərəcə vacibdir və hamının xeyrinədir.
Düzdür, bununla bərabər bütün dünyada televiziya daha çox kütlənin tələblərinə cavab verir. Şou, hadisə, hay-küy, insanları qıcıqlandıracaq, onları məşğul edəcək intriqalar. Tez-tez yeni və adamları gündəlik həyatın bəziləri üçün ağırlığından, bəziləri üçün mənasızlığından qurtaracaq müxtəlif səpkili informasiyalar. Bunun kütləninmi tələbatı olması yoxsa televiziyanınmı kütləni buna alışdırdığını dəqiq demək mümkün deyil. Ancaq bir şey var ki, istənilən halda bundan ən çox hökümətlər qazanır. Belə ki, insanlar öz həyatlarına, gündəlik yaşam və qayğılarına, özlərinin əyləncələri və inkişafına və ən nəhayət dövlətin onlarla bağlı, ümumi siyasətinə ayırmalı olduqları diqqəti gündəlik, əhəmiyyətsiz şou xəbərlərə, başqalarının həyatlarından olan intiraqalara baxmağa sərf edirlər.
Məsələ ondadır ki, az çox inkişaf etmiş və mədəni dəyərləri olan ölkələrdə televiziya tamamilə şou-ya qapanmayıb. Hər şeydən əvvəl o ölkələrdə insanlar bu proqramların o qədər də xəstəsi deyil. Ona görə ki, əvvəla insanların həyatları televiziyada təqdim olunan hadisələrdən daha maraqlı keçir. Televiziyadan maraqlı nəsə gözləmək əvəzinə öz həyatlarını maraqlı edirlər. Ikincisi, insanlar bunun üçün xeyli hazırlıqlıdılar. Təkcə məktəb və universitet təhsilləri onları ucuz şou və ya hansısa sıradan televiziya virusunun bulaşa bilməyəcəyi qədər yetkin və ağıllı insan kimi formalaşdırır. Sonradakı, insanların, işi gücü, həyatı, hobbisi, gəzintisi və sairələrdən ibarət öz dünyası var. Yəni avaraçılıqdan bütün günü televizorun qarşısında oturmayıblar. Ən əsası isə, televiziya siyasəti birxətli deyil, təkcə kütləyə hesablanmayıb. Şou proqramlar, idman və musiqi yayımlayan kanallarla bərabər orta təbəqənin də tələbi nəzərə alınır. Onlarla bərabər, elm, fələsəfə, ədəbiyyat yayımlayan ciddi televiziya kanalları var. Bu qəbildən ciddi və aktual verilişlərin, faydalı ictimai müzakirələrin aparıldığı baxımlı kanalların da izləyiciləri var. Yəni mədəniyyət itirilməyib.
Yəni məsələ təqribən nəyi özünə, ölkə adına və insanlara rəva görmək məsələsidi. İnkişaf etmiş, dəyərlərə sahib ölkələr yalnız ən aşağı təbəqə üçün işləmir, həm də yuxarı təbəqənin tələbinə cavab verməyə məcburdu və onları görməzdən gələ bilməz. Bir şey ki, artıq qərbdə çəkilən serialların bir çoxunun mövzusunu tarix kimi ciddi elm əhatə edir. Üstəlik də, əgər demokratik ölkədən danışırıqsa bütün bunların yenə bir təhri var. Çünki sadaladığım faktorlarla yanaşı ölkədə həm də normal siyasi mübarizə, vətəndaş cəmiyyəti və müstəqil media var ki, öz öhdəsinə düşən işi yerinə yetirir. Siyasi aktivliyi, vətəndaş cəmiyyəti nəzarət funksiyasını yerinə yetirir. Yəni televiziyanın şoularla başını qatıb məşğul etdiyi kəsimin itkisi bu mənada konpensasiya olunur.
Bizdə nə baş verir? Hər gün sosial şəbəkələrdə hansısa televiziya kanalının hansısa verilişinin hansısa aparıcısının efir etikasından kənar, nalayiq, axmaq hərəkəti müzakirəyə çıxarılır. Bu gün Səidənin döşü, sabah Mətanətin ayağı. Elə tam olaraq məqsəd də budur. Ölkədə ən ciddi müzakirə olunası məsələsinin bundan o tərəfə keçməməsi. Yekə bir toplumu düşündürən, onun qəzəbini oyadan, gündəlik zehnini məşğul edən məsələlər bundan artıq şeylər olmasın. Toplumu təşkil edən fərdlərin intellektual və mədəni durumunu nəzərə alanda isə mənzərə tam aydın olur. Bütün gününü evdə serial, telefon və şou proqramlar ücbucağında yaşayan evdar qadınlar, hansısa xəstəxanalarda, bərbərxanalarda bu kimi verilişlərin bekarçılıqdan xilas etdiyi adamlar və digər işlərdə çalışan, axşam evə gəlib televiziyanın qabağında yuxuya gedən insanlar. Onları bundan artıq şey düşündürməsin.
Bizim telekanalların tamaşaçıya qarşı yürütdüyü siyasətin nə qədər təhqiramiz və aşağılayıcı olmasını onun aparıcıları və o aparıcıların apardığı verilişlər dəqiq nümayiş etdirir. Mövzusu ağlaşma, itirib axtarma olan verilişlərdən, ictimai-sosial mövzuları əhatə edən “kişi qısqanc olmalıdırmı”, “qaynana gəlin münasibətləri necə olmalıdı” tipli axmaq sualların ətrafında gedən ailənin, qıqanclığın, münasibətlərin nə olduğunu bilməyən adamların müzakirəsindən ibarət verilişlərdən tutmuş güya insanların sağlıq problemlərindən bəhs edən, məğzi isə müyyən dərmanları, firmaları, aptek və özəl klinikaları reklam etmək olan verilişlərə qədər heç bir yayımlanan proqramın tamaşaçıya həqiqi faydası yoxdu. O aparıcılar, o verilişlər sadəcə boşluğu doldurmaq üçündü. Bəs bizim televiziyaların boşluğu nədir?
Azərbaycan televiziyalarının boşluğu ağıl yoxsunluğundan yaranır ki, onun da yerini hər cür insan və hər cür cəfəngiyyat doldurur. O biyabrçı verilişlər, o kəmsavad, bəzən kəmağıl aparıcılar ona görə var ki, ağıl olmasın. İllərdən bəri televiziyada olan qalan bir neçə normal insan da ordan uzaqlaşdı. İndi bizim televiziyalarda ağılın, tərbiyənin, həqiqətin, informasiyanın olmamasını üçün onların yerini ağılsızlıq, tərbiyəsizlik, yalan və informasiyasızlıq tutur. İndi televiziyada ağılın, tərbiyənin, həqiqətin heç bir aidiyyatı olmayan aparıcılar çalışır. Elə insanlar ki, dediyi və elədiyi hərəkətə görə zərrə qədər məsuliyyət hiss eləməyəcək, danışdığı yalana görə cuzi utanc yaşamayacaq, ağıl isə ona dünəndən lazım deyil. Ona görə ağıl yoxdur ki, ağıl olsa, mütləq mühakimə olacaq və mühakimə olsa mütləq həqiqətlər səslənəcək. Bütün problem də ondan ibarətdir ki həqiqət olmasın. Həqiqətin olmaması üçün 24 saat bu qədər kanal onun yerinə hər cür şeyi efirə soxuşdurmaqla məşğuldu. Hər hansı məsələ ilə bağlı sosial şəbəkələrdə doğru yöndə gedən müzakirələr isə telekanalları dərhal gərgin iş rejiminə keçirir. Aparıcılardan hadisələri və dəyərləndirmələri həqiqətdən mümkün qədər yayındırmağa, sanki hər şey qaydasındadır, şişirtmələr isə əsassızdır yönündə kütləni inandırmağa yönəlir. Televiziyanın xalqla hökümət arasında ünsiyyət vasitəsi məsələsinə qalanda isə, bizdə bunun adına sərt ironiya var sadəcə. Belə ki, heç bir müstəqil rəydən, heç bir ictimai nəzarətdən, heç bir vətəndaş cəmiyyəti dəyərləndirməsindən söhbət gedə bilməz. Xəbər proqramları, siyasi verilişlər hökümətin verdiyi və icra etdiyi qərarla bağlı yalnız özü-özünü tərifləməsinə xidmət edir.
Nəticə
Aldous Haxley-in cəsur yeni dünya əsərində belə bir səhnə var. Orda suni, bir-birinin eyni olan insan yaratma məkanında ta körpəlikdən uşaqların yastığının altına radio qurucu yerləşdirilir. Radio qurucu uzun illər boyu eyni informasiyanı təkrar edir. Nəticədə bu insanlar böyüyüb yetkin insan olanda, o radiodan eşitdikləri hazır informasiyaları öz gəldikləri nəticələr, öz həqiqi mühakimələri kimi danışmağa başlayırlar. Dünyagörüşünü, informasiyasını, zövqünü yalnız bizim televiziya kanallarına həvalə edən insanlar da eynilə bu aqibəti yaşayırlar. İnsan öz vaxtına qarşı hansı dərəcədə düşmən münasibətdə olmalıdır ki, saatlarla belə kanalların qarşısında oturub bu boşluğa, cəfəngiyyata tamaşa eləsin. Bundan biz hər cür, həm insani sifətlərimizi, həm zövq və intellektimizi, ən təbii dəyər və hisslərimizə qədər hər şeyi böyük bir aşınmaya, alçaldıcı korlaşmaya məruz qoyuruq. Bu qurğuları alıb evimizə qoymuşuq, ondan gözləntilərimiz də müxtəlifdir. Ancaq nəzərə almaq lazımdır ki, o qurğunun özü təkmilləşməyincə, bizim hər birimiz üçün olduqca zərərlidir və bizim deqredasiyamıza xidmət edir. Bu mənada özümüzü və uşaqlarımızı mütləq ondan qorumalıyıq.
Yazı müəllifin şəxsi fikirlərini ifadə edir…