“Bu gün düşmən panikadadır, isterikadadır”

İlham Əliyev Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas xəttində vəziyyətin nəzarətdə olduğunu bildirib

Source:


İlham Əliyev Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas xəttində vəziyyətin nəzarətdə olduğunu bildirib

“Vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib”, – dövlət başçısı Ağdam  rayonunda hərçilərin qarşısındakı çıxışında bildirib.

Sonra o, bir daha qeyd edib ki, son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, Azərbaycan ordusu istənilən vəzifəni icra edə bilər.

“Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları var. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər” – deyə prezident  bildirib.

Cəbhədə baş verən son hadisələrə münasibətini bildirən İ.Əliyev deyib: “Düşmən, erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim mövqelərimizə hücum ediblər. Biz itki vermişik, əsgərlərimiz şəhid olublar. Ancaq eyni zamanda, düşmən layiqli cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir. Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilib. Bu gün düşmən panikadadır, isterikadadır”.

İ.Əliyevin sözlərinə görə, “Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər”.

“Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində müvəqqəti olaraq torpaqlarımız işğal altına düşüb. Ancaq biz öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq” – deyə dövlət başçısı fikrini yekunlaşdırıb (Turan İA).

Ana səhifəXəbərlər“Bu gün düşmən panikadadır, isterikadadır”