”Bü gün caza (repə) qulaq asırsan, sabah Vətəni satarsan!”

Əbülfəs Qarayevə xitabən

Source:
Əbülfəz Qarayev
Əbülfəz Qarayev

Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 3-də “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatında bəyan edib ki, dünyada ideoloji müharibə gedir və bu çərçivədə rep kimi dünyanın müasir musiqiləri hər tərəfdən gənclərimizin beyninə daxil olur.

“Hər bir ictimai qurum, hər bir məktəbdə, müəllimin sinifdə tədris etdiyi bütün proqramlarda Azərbaycan xalqının sərvətlərinin böyük əhəmiyyət kəsb etməsi haqqında daim tərbiyə işi getməlidir. Biz bu yeni dünyada sərvətləri qoruyub növbəti nəsillərə sağlam təqdim edə bilməsək, onda bizim nəslə gələcəkdə lənət oxuyacaqlar. Mən bu sözümü hüquq-mühafizə orqanlarından tutmuş biznesmenlərə qədər ünvanlayıram. Əgər Azərbaycanı qorumaq istəyiriksə, bu müharibəyə hərəmiz bir əsgər kimi getməliyik”.

Nazir hüquq-mühafizə orqanlarının konkret nə etməli olduğunu aydınlaşdırmayıb.

Əbülfəs Qarayev SSRİ zamanı doğulub. Bu, o zaman idi ki, rokin-rol, cins şalvar, “Bitls” qrupu, sairə və sairə “çürüməkdə” olan Qərb kapitalizminin SSRİ-yə qarşı ideoloji müharibəsi kimi qəbul edilirdi və ölkədə buna qarşı mübarizə aparılırdı. Əlbəttə ki, bu mübarizənin ön cəbhəsində o zaman üçün ictimai təşkilat sayıla bilərcək komsomol, hüquq- mühafizə orqanları olan Dövlət Təhlükəsizlik Komitəsi və DİN gedirdi.

Müasir Azərbaycanın mədəniyyət naziri də faktiki olaraq artıq dünyanın siyasi xəritəsində olmayan ölkənin ideoloji mübarizə üsullarından istifadə etməyə çağırır.

Nazir hətta instiktiv olaraq SSRİ-də o zaman dəbdə olan şüarın müasir, dəyişmiş formasını da təkrar edib. Yaşlı nəslin yadına gələr ki, sovetlər uzun müddət caz musiqisini qadağan etmişdilər və hətta belə bir məşhur deyim var idi: “Bu gün sən caza qulaq asırsan, sabah Vətəni satarsan”.

SSRİ-də caz musiqinin başına açılan oyunları çox parlaq şəkildə “Biz cazdanıq” filmində göstəriblər. Filmdə caz qrupu ictimai parkda konsert verməkdən ötrü komissiya qarşısında çıxış edir və onların suallarına cavab verməlidir. Komissiyanın isə yeganə sualı “Spartakın rəhbərliyi altında qulların üsyanının neçənci ildə baş verməsi” ilə bağlı olur.

Azərbaycan cazının banilərindən biri olan Vaqif Mustafazədinin respublikada başına açılan oyunlardan isə yaşlı nəsl yaxşı məlumatlıdır. Məhz buna görə, V.Mustafazadə Tbilisiyə köçməyə məcbur olub və yaradıcılığının ən gözəl illərini gürcü auditoriyası qarşısında keçirməli olub.

İndi isə qayıdaq repə.

Mən, özüm rep həvəskarı deyiləm. Dünyada hazırda və keçmişdə olan repçiləri də tanımıram. Azərbaycanda rep deyəndə isə ağlıma Anar Nağılbaz, Hüseyn Dərya, Elşad Xose gəlir. Anar Nağılbazla Hüseyn Dərya isə artıq həyatda yoxdu. Amma söhbət mənim hansı müsiqi növünü xoşladığımdan deyil, prinsiplərdən gedir.

Mədəniyyət naziri repə qarşı hamını səfərbər olmağa çağırmaqdansa, rəhbərlik etdiyi sahənin köklü problemlərinin həlli ilə məşğul olsaydı, daha çox fayda verərdi.

Mədəniyyət naziri insanların niyə teatrlara az maraq göstərməsini araşdırsaydı, SSRİ dağıldıqdan sonra bir dənə də olsun keyfiyyətli bədii filmin çəkilməməsi barədə düşünsəydi, rayonlarda olan mədəniyyət və tarixi abidələrin hansı formada qorunması, daha doğrusu, qorunmaması, ətraflarının kol-kos basdığı barədə məsələ qaldırsaydı, daha faydalı iş görmüş olardı.

Nazir sual verməlidir ki, niyə Akademik Dövlət Milli Dram Teatrı kimi nəhəng mədəniyyət ocağı populyarlığına görə ön sıralarda getmir. Nazir problem kimi gündəmə gətirməlidir ki, niyə dahi sənətkarların illərlə formalaşdığı bu teatrın indi 30 ildən çox dağılmış SSRİ-nin vaxtilə kolxoz yaratmaq problemlərinə həsr olunan, o zaman sovetlərin təbliğatı üçün istifadə edilən “Almaz” əsərini yenidən səhnələşdirir. Müasir dövrümüzdə köhnə və hazırda, ümumiyyətlə, aktual olmayan problemlərə həsr olunan bu tamaşa kimdə maraq oyada bilər və nəyə xidmət edir?

Nazir küçə zarafatlarının “teleekran”, sonradan isə “kino” adlandırdıqları qeyri-məlum bir məhfum səviyyəsinə qaldırılması barədə suallar verməlidir. Süjeti, mənası, auditoriyaya nə demək istədikləri məlum olmayan, aktyor oyunu həddən artıq aşağı səviyyədə olan, kino kamerasına çəkilən düşüklüyü bədii film adı ilə Azərbaycan xalqına sırıyıb, kinoteatrlarda “möhtəşəm” prezentasilayar keçirənlər nazirin xalqa müraciətinə səbəb olmalıdır.

“Şerbur çətirləri”, “Moskva göz yaşlarına inanmır”, “Bir cənub şəhərində”, “Bəyin oğurlanması” kimi dünyada yüzlərlə məşhur rejissorların da çəkdiyinə kino deyirlər, kamera qarşısında şitlik edib, hoqqabazlıqdan çıxmağa da.

Bədii film adı altında kameraya çəkilən bu şitlik nümunələrinin adlarını bilərəkdən çəkmək istəmirik. Onsuz da hamı söhbətin hansı “bədii filmlər”dən getdiyini yaxşı anlayır. Sadəcə bu filmləri maliyyələşdirən insanları anlamaq olmur. Ömürü bir kinobaxışından çox olmayan bu filmlərə pul ayırmaqdansa, 10 dənə beləsinin əvəzinə bir ciddi bədii filmi maliyyələşdirmək Azərbaycan xalqı üçün daha faydalı olardı.

30-40 il bundan əvvəl çəkilən filmlərin indiyə qədər cəmiyyət arasında sitatlara bölünüb istifadə edilməsi fonunda, son 5-6 ildə “bədii film” adı altında lentə alınan karikatulardan hansının sitatı yadda qalıb və istifadə edilir?

Nazir bunların qarşısının alınması üçün ictimaiyyətə müraciət etməlidir.

Cənab nazir, əsl ideoloji düşmənlər içəridədir və onları kənarda, repdə və digər müasir musiqi janrlarında axtarmaq lazım deyil!

Ana səhifəMənim Fikrimcə”Bü gün caza (repə) qulaq asırsan, sabah Vətəni satarsan!”