“Bu gün bazarlarda xaos yaşanır”

“Hamı yaranmış vəziyyətdən bəhrələnib, daha çox gəlir əldə etməyə çalışır”

Source:


“Hamı yaranmış vəziyyətdən bəhrələnib daha çox gəlir əldə etməyə çalışır”

Oktyabr ayında Azərbaycanda bitkiçilik məhsullarının istehlak qiymətləri 1,7 faiz, heyvandarlıq məhsullarının qiymətləri isə 1,9 faiz artıb. Ümumilikdə, kənd təsərrüfatı məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz yüksəlib.

Heyvandarlıq məhsullarından yumurta, ev quşları, süd bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dövlət Statistika Komitəsinin məlumatını Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il anbarlara ehtiyat kənd təsərrüfatı məhsulu yığılmayıb. Yəni anbarlarda məhsul əvvəlki illərə nisbətən xeyli azdır. Ona görə də təklif azaldığından qiymətlərdə artım müşahidə olunur. Vahid Məhərrəmov xüsusən bu il kartof istehsalının ciddi azaldığını deyib: “Dövlət Statistika Komitəsinin məlumatından fərqli olaraq bazarlarda apardığımız müşahidələr paytaxt və rayonlarda İrandan gətirilən kartofun satıldığını göstərir. Bazarlarda qiymətə təsir edən amilərdən biri də manatın məzənnəsinin dəyişməsi gözləntisidir. Bu psixoloji təsirdən istifadə edən sahibkarlar məhsulun qiymətini artırırlar. Onlar bu yolla manat devalvasiyaya uğrayanda itkinin bir hissəsini kompensasiya etmək niyyəti güdürlər. Ümumiyyətlə, bu gün bazarlarda xaos yaşanır. Əvvəllər də xaos müşahidə olunurdu, amma son vaxtlar belə hallar artıb. Hamı yaranmış vəziyyətdən bəhrələnib daha çox gəlir əldə etməyə çalışır. Sanki məhsulun istehsalı, satışı, idxalı dayanıqlı deyil”.

Mütəxəssis bazarlarda qiymət artımına monopoliyanın şəksiz təsir etdiyini düşünür: “Çünki Azərbaycanda əksər kənd təsərrüfatı məhsullarının idxalı və istehsalı artıq monopoliyadadır. Məsələn, yumurta istehsalı monopoliyadadır, istədikləri zaman qiyməti artırırlar. Qonşu ölkələrlə müqayisədə bizdə qiymət 30-40 faiz çoxdur. Quş ətinin istehsalı və bazarda satışı müəyyən əllərdə cəmləşib. Bir çox məhsulların idxalı inhisarçıların nəzarətindədir. Xüsusən, idxal olunan kartof, meyvə və başqa tərəvəz məhsullarıdır. Bu səbəbdən bazarda qiymətlər diktə olunur. Həmçinin, heyvandarlıq məhsulları, ölkəyə kifayət qədər diri mal-qara, xırdabuynuzlu gətirilir, bunlar da müəyyən dairələrin nəzarətində olduğundan daxili bazara ciddi təsir göstərir. Ət məhsullarının qiyməti nə yay fəslində, nə də indi endi, artıq qoyun ətinin qiyməti bəzi satış məntəqələrində 10 manatı keçib”.

Vahid Məhərrəmov hesab etmir ki, yarmarkaların vasitəsilə məhsulların qiymətinə müsbət təsir göstərmək mümkün olsun: “Yarmarkalar ilkin təşkil olunan zaman hökumət guya bu məqsədi güdürdü. Ancaq yarmarkaları məhsulla təmin etmək lazımdır. Ölkədə müəyyən mal-məhsul istehsal olunur, bunları satış mərkəzlərinə genişləndirməklə qiyməti endirmək mümkün deyil. Yalnız istehsalı artırmaq və daha çox mal təklif etməklə qiyməti endirmək mümkündür. Rəsmilər yarmarkalarda bəzi məhsulların qiymətinin aşağı olduğunu söyləyir, amma həftə ərzində öz məhsulunu bazarlarda sata bilməyənlər köhnəlmiş məhsullarıyla həftə sonu yarmarkalara üz tutur. Onlar bazarlarda bunu edə bilərlər, sadəcə, yarmarkalara getmələri belə fikir yaradır ki, ucuz məhsul gətiriblər. Məsələ ondadır ki, yarmarkalara məhsulu fermerlər yox, bələdiyyə və yerli icra orqanlarının rəsmiləri gətirir. Onlar da istehsal etdikləri məhsulu yox, keyfiyyətcə nisbətən aşağı olan məhsulu yarmarkaya çıxarırlar. Yarmarkalar ona görə effekt vermir ki, mal qıtlığı var. Ümumiyyətlə, malın-məhsulun qiymətinin artmasının səbəbi təklifin az olması ilə bağlıdır”.

“Bu gün Gədəbəy, Tovuz, Şəmkir kartofu bazara çıxarılmalı və qiymətə təsir etməliydi. Bazarda kartofun qiyməti 30 qəpikdən çox olmalı deyil. Yuxarıda adlarını xatırlatdığım rayonların kartofunun qiyməti 1 manat 20 qəpikdir. İran kartofunun qiyməti bundan az olmağına baxmayaraq, keyfiyyəti də aşağıdır. Səbəb yenə təklifin az olmasıdır. Ona görə yarmarkaların təşkili qiymətin enməsini şərtləndirə bilməz, əksinə, qiymət artımına səbəb olacaq. Çünki təklif edənlərin sayı çoxdur. Belə halda sahibkarlar gəlir əldə etmək istəyirlər. Azərbaycanda qiymətlər o zaman düşəcək ki, əhalinin təlabatına uyğun məhsul istehsal edəcək. Bu gün əhalinin ərzaq normasına olan ehtiyacının 50 faizə yaxını ödənilir, belə olanda, bazarlarda qiymət ciddi şəkildə dəyişir. Normal ölkələrdə istehsal qaydasındadırsa, mal-məhsul Dünya Səhiyyə Təşkilatının normasına uyğundursa, təklif artır. Bu nisə qiytməti endirir. Azərbaycan yeganə ölkədir ki, keyfiyyətsiz kartofun 1 kiloqramı 60-70 qəpiyə təklif olunur. Halbuki, başqa ölkələrdə keyfiyyətli kartof 30-35 qəpikdən yuxarı deyil. Ətin, südün qiyməti də normal ölkələrdə bizdən 2 dəfə aşağıdır. Baxmayaraq ki, həmin ölkələrdə orta əməkhaqqı bizdən iki dəfə çoxdur. Birinci səbəb monopoliyadırsa, ikinci səbəb Kənd Təsərrüfatı Nazirliyinin öz işi ilə məşğul olmamasıdır. Nazirlik aqrar siyasət aparmalı, istehsalın artımına ciddi fikir verməli, bazarlarda qiytmətlərin tənzimlənməsi üçün qiymət siyasətini müəyyənləşdirməlidir. Bütün bunlara cavabdeh qurumlar öz işlərilə məşğul olmadığı üçün bazarlarda xaos hökm sürür”,-deyə mütəxəssis öz fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlər“Bu gün bazarlarda xaos yaşanır”