Qubad İbadoğlu prezidentin fərmanını təqdir etdi
Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu prezidentin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Fərmanını öz Facebook səhifəsində şərh edib.
Qubad İbadoğlu hesab edir ki, bu fərmanla gömrüyə bəyan ediləcək məbləğin əvvəlki ilə müqayisədə 6,6 dəfədən çox müəyyənləşdirilməsi sərhəd buraxılış məntəqələrində “yaşıl kanal”dan istifadə edən vətəndaşların sayını və rahatlığını artırmaqla yanaşı həm də indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək. Fərman həmçinin fiziki şəxslərin xarici ticarət, xüsusilə də idxal əməliyyatlarında iştirakına stimul verəcək.
“Hesab edirəm ki, fərman orta və uzunmüddətli dövrdə istehlak bazarında idxal mallarının qiymətlərinin sabitləşməsinə də müsbət təsir göstərəcək. Odur ki, yeni fərmanı təqdir edir və bu istiqamətdə mütərəqqi dəyişikliklərin hüquqi şəxslərlə bağlı gömrük-idxal əməliyyatlarına da şamil olunmasını arzulayıram”.