Bu ev də Xocalı kimi hər an dağıla bilər (VİDEO)

“Bax bura qarajdı. Bunu ev halına gətirənə qədər nə zülmlər çəkdik. O biri sement anbarı idi, oğlumgil yığışdı ora. Bu biri də qaz anbarıdır”- Xocalı sakini köks ötürə-ötürə 25 ildir yaşadığı çətinliklərdən danışır.

Hər şey yolunda gedərkən Şəfiqə xanım 1992-ci ildə, ana olmağa 10 gün qalmış yaşadığı Xocalı rayonundan qaçqın düşüb. Qaynanası Xocalı qətliamı baş verməmişdən əvvəl gəlinini rayondan çıxmağa məcbur edib. O da Xankəndində, bir müddət qardaşının ailəsi ilə bir yerdə qalıb. 26 fevralda Şəfiqə xanım yoldaşı Şöhlət Məmmədovun və qaynanası Güllü Məmmədovanın ölüm xəbərini alıb.

“Həmin günü xatırlayanda elə bil cəhənnəm əzabını xatırlayıram. Mən qardaşımgildə idim. Eyvana çıxdım, radio xəbər verirdi ki, Xocalını alıblar. Dedilər ki, az miqdarda adam şəhid olub. Bildim ki, bu yalandır. Ola bilməz ki, Xocalını alalar, bu qədər az adam ölə. Bilirəm ki, bu bir qurğu idi. Nəyəsə görə Xocalını qurban verdilər. Bütün silahları, quş vuran silahları belə camaatın əlindən aldılar. Ayaz Mütəllibov gəlib dedi ki, sizə belə silah verəcəm, elə… Camaatın başın aldatdılar. Axır vaxtlar imkan vermədilər ki, qadınlar, qocalar kənddən çıxsınlar. Üç körpə uşağımla mənim çıxmağım möcüzə oldu”.

O, xilas olmuşdu, amma gələcək həyatını xilas etmək lazım idi. Təkbaşına, körpələri ilə bir yerdə şəhərə yollanan ana, indi yaşadığı və ev dediyi bu qaraja yerləşib. Hər il Xocalıda qətlə yetirilən yoldaşı Şöhlət Məmmədova, qaynanası Güllü Məmmədovaya ehsan verir. Qonşular, qohumlar təsəlliyə gəlir.

“25 ildir bu qarajda yaşayırıq. Bu qarajın sahibi rəhmətə getdi. Oğlum onda uşaq idi, bunu bir zülmlə düzəldib içinə yığışdıq. Allaha and olsun, bu evin altından qar borusu gedir. Burada yaşamaq qadağandır. Hər dəqiqə faciə ola bilər. 500 ailəyə verilən qaz borcusu buradan gedir. Ana xətt buradır, ona görə çox təhlükəlidir. Qaz borusunun olduğu yerə birləşik evdə nəvələrim yaşayır. Bu borular çürüyübdür. Allah bilir 70 ilin, 80 ilin borularıdır. Oradan qəflətən qaz sızar, partlayar, bir tikəmiz ələ gəlməz”.

Ana səhifəVideoBu ev də Xocalı kimi hər an dağıla bilər (VİDEO)