“Bu dəqiqə qonşunun oğlunun şalvarını geyinmişəm”

Potuda 8 nəfərlik ailə qalmağa yer tapmır: “Ağız açmadığımız məmur qalmayıb…”

Source: Meydan TV


Potuda 8 nəfərlik ailə qalmağa yer tapmır: “Ağız açmadığımız məmur qalmayıb…”

Göyçayda rayon mərkəzinə çox yaxın yerləşən Potu kəndində evi yanan ailə gecələməyə yer tapa bilmir. Rəsulovlar ailəsi küçələrdə qalıb.



“Neçə dəfə işıq idarəsinə şikayət eləmişdim”

Gəlib onların qapısını qıfıllı görürük. Qonşular deyir ki, ev bir aydan çoxdur yanıb, ailə daim gecələməyə yer axtarır. Yanan əşyaların çoxu hələ də küçədədir. Qalaqlanan əşyalar arasında uşaq əlcəyinin yalnız bir tayı gözə dəyir…

Bir az sonra Rəsulovlar gəlib çıxır. Tərxan Rəsulov deyir ki, evləri qısaqapanmadan yanıb: “Düz evin yanından yüksək gərginlikli elektrik xətləri keçir. Neçə dəfə işıq idarəsinə gedib şikayət eləmişdim. Ev yanandan sonra icra başçısı da gəlib baxmışdı. İşıq xətləri telefon xətlərinə dolaşmışdı. Əvvəl-axır bir xəta çıxacaqdı”.

Tərxan Rəsulovun dediyinə görə, dövlət orqanları ailəsi ilə maraqlanmır. İşi də ədalətlə araşdırmırlar: “İcra başçısı dedi ki, mənim də başıma gələ bilər. Elə o, bir az material verib. Novruz bayramına qədər evin üstünü örtməyə çalışırıq. Evi düzəltməyə heç bir qüvvəmiz yoxdu”.



Qonşular yemək, paltar verdilər…

Tərxan deyir ki, yanğın qızının və nəvələrinin otağından başlayıb:

“Ərindən yeddi ildir ayrılıb, uşaqlarıyla bu otaqda qalırdı. Gəlinim qaça-qaça gəlib yanğın haqda xəbər verəndə birinci uşaqları xilas eləməyə çalışdım. Polis əşyaları çıxarmağa qoymadı. Qızım bu illər ərzində alimentlə 3 min manat pul yığmışdı, o da yandı. Nə zülmlə toplamışdı o pulu. Çemodanına qoymuşdu. Nəyi var, yandı. Soyuducu, mebel, gəlinimin cehizi…”

Tərxanın gəlini Fəridə Rəsulova danışır:

“Qaçıb çöldən sayğacı söndürdüm. Küçədə iki cavan uşaq vardı, köməyə çağırdım, gəlmədilər. Dedilər, indi yanğınsöndürənlər gələcək. O da çox gec gəlib çatdı. Gəldilər, dedilər, suyumuz yoxdu. Ev gözümüzün qabağında məhv olub getdi”.

Tərxan deyir ki, qonşular çox kömək edib: “Yemək, paltar verdilər. Bu dəqiqə qonşunun oğlunun şalvarını geyinmişəm”.



“17 nəfər bir yerdə yatırıq”

Tərxan danışır ki, on gün həyətdə açıq havada yatıblar: “Bələdiyyədən dedilər ki, kirayə ev tapın, 60 manat verək. Dedim, 8 nəfərlik ailəyik, o qiymətə haradan ev tapım? Heç olmasa, 100 manat versinlər. Üstəlik, kommunal xərcləri də özümüz ödəməliyik. İndi heç o pulu da vermirlər. 100 manata ev tapmışdıq. Bələdiyyənin nümayəndəsi dedi: “Onsuz da həmin pulu öz cibimdən təklif eləyirdim”. Çox aciz vəziyyətdə qalmışıq. Dövlətin köməyi yoxdu. Bacımgilin yataqxanadakı otağına yığışmışıq. 17 nəfər bir yerdə yatırıq. Xəcalətimdən ölürəm”.

Tərxanın həyat yoldaşı Aygün Rəsulova söhbətə qoşulur:

“İki nəvəmi məktəbə ev paltarı ilə göndəririk. Evdə uşaqların çantası, kitab-dəftəri də yandı. Nə qədər dərsdən qaldılar. Keçən həftədən məktəbə gedirlər. Dəftər-qələmi sinif yoldaşları verir. Paltar, ayaqqabı verən də olub”.



“Gözlərim görmür, evə bir manat pul gəlmir”

Ailədə nə işləyən var, nə də sosial yardım alan. Tərxan deyir ki, ev yanana qədər onsuz da ailənin durumu ağır olub:

“Mən “VAZ 2106” maşını ilə xaltura eləməyə çalışırdım. Daha gözlərim görmür, evə bir manat pul gəlmir. Həm gözümdən, həm də daxili orqanımdan əməliyyat olunmalıyam. Maşını çətinliklə sürürəm. Yanımdakından soruşuram ki, indi dönüm, ya yox? Gözüm tezliklə tamamilə tutulacaq. İllərlə ev üçün vuruşmuşduq. Nə zülmlə tikmişdik…”.

Ailə hesab edir ki, dövlət orqanları onlara ciddi kömək olmalıdır. Sığınacaq yoxdur, heç olmasa, evin bərpasına əl tutsunlar.

Tərxan deyir: “İşıq idarəsinin məsuliyyətsizliyi üzündən bu günə düşmüşük. Bayrama qədər evimə yığışmağa kömək eləsinlər. Ağız açmadığım məmur qalmayıb. Daha belə vəziyyətdə yaşamaq olmur. Utandığımdan uşaqların üzünə baxa bilmirəm”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, Tərxan Rəsulovun ailəsinə bacardıqları köməkliyi göstəriblər. Bundan sonra da onların vəziyyəti ilə maraqlanacaqlar.

Ana səhifəBölgə“Bu dəqiqə qonşunun oğlunun şalvarını geyinmişəm”