Həbsdə olan keçmiş diplomat: “Mən diktatura rejiminin qurbanıyam”
Həbsdə olan keçmiş diplomat – 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində katib, 2016-2019-cu illərdə isə Uruqvaydakı Diplomatik Nümayəndəliyində işlər vəkili vəzifəsində çalışmış Emin İbrahimovun məhkəməsi gedir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Quliyevin sədrliyilə, Aytən Əliyeva və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası baxır.
Məhkəmənin hazırlıq iclasında Emin İbrahimovun vəkilləri onun şüşə kabinədə yox, müdafiəçilərinin yanında əyməsi barədə vəsatət qaldırmış, hakimlər də bunu təmin etmişdi. Fevralın 12-də keçirilən iclasda onun vəkili Fəxrəddin Mehdiyevin yanında əyləşməsinə icazə verilib.
Məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, 22 iyul 2024-cü ildə Emin İbrahimov və Kamal Şükürov paytaxtın Nizami rayonu ərazisində, günorta saat 15.00 radələrində təsadüfən qarşılaşıblar. Əvvəldən bir-birini tanımayan İbrahimov və Şükürov “Xalqlar dostluğu” metrostansiyasının yanında səki ilə gedərkən toqquşublar. Kamal Şükürovun çiyni ona toxunub, bu zaman tərəflər arasında dava düşüb və Emin İbrahimov cibindən bıçaq çıxarıb onu qarın nahiyəsindən vurub.
Emin İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İttihama münasibət bildirmək üçün Emin İbrahimova söz verilib. O deyib ki, yazılanlar tamamilə uydurmadır:
“Bir var epizodik nəyisə saxtalaşdırmaq, bir də var, başdan-ayağa uydurma. Sizin qarşınızda olan iş tamamilə uydurmadır və siz də bunu yaxşı bilirsiniz. Hamı bunu bilir ki, mən təqsirsizəm. Bu bir tamaşadır və mən bu tamaşada rol oynamayacam. Keçən dəfə də dedim. Mən özümü müdafiə eləməyəcəm. Mənə bu iş haqda sual vermək, “Kamal barədə danış” demək, məni təhqir eləməkdir”.
Emin İbrahimov onun işi üzrə məhkəmə prosesinə sədrlik edən Vüqar Quliyevə müraciət edərək bildirib ki, gənc olsa da, bu cür sifarişli işlərdə təqsirsiz insanlara uzunmüddətli cəza hökmü çıxarmaqla səhv edir. O bildirib ki, Vüqar Quliyevin sədrlik etdiyi hakimlər kollegiyasının ona da azı 8 il azadlıqdan məhrumetmə cəzası verəcəyinə əmindir:
“Mənim işimə ədalətli baxmaq üçün siz diktaturaya qarşı çıxmaq, rahatlığınızdan imtina etmək cəsarətində ola bilməlisiniz. Sizdə bu cəsarət yoxdur. Bu gün mənim işimə Ağır Cinayətlər Məhkəməsində baxılır. Halbuki bu gün mənim özümə qarşı ağır cinayət törədilir və siz də bu işdə iştirakçılıq edirsiniz”.
Sabiq diplomat istintaqda da özünü təqsirli bilməyib, ifadə verməkdən imtina edib. O bildirib ki, işgəncəyə məruz qalıb, telefonunun şifrəsini almaq üçün polis idarəsində hətta bədəninə tok verilib.
Daha sonra məhkəmədə zərərçəkmiş qismində ifadə verən Kamal Şükürov iddia edib ki, Emin İbrahimov onu bıçaqlayıb. 1985-ci il təvəllüdlü Kamal Şükürovun sözlərinə görə, “Xalqlar dostluğu” ərazisində yaşayır, həmin gün piyada gedəndə Emin İbrahimovla üz-üzə gəlib:
“Onu əvvəldən tanımırdım. Təsadüfən çiynim dəydi, məni söydü. Davalaşdıq. Dartdım, köynəyi cırıldı. Birdən hiss elədim ki, qarnımdan istilik gəldi mənə. Yerə çökdüm, gördüm qan axır”.
O, əlavə edib ki, təcili yardıma, polisə zəng edib. Onu xəstəxanaya aparıblar, orada əməliyyat olunub.
Kamal Şükürovun sözlərinə görə, təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur. Çünki qarşı tərəf bu istiqamətdə heç bir addım atmayıb.
Məhkəmə prosesi martın 12-də davam edəcək.
Keçmiş diplomat 2024-cü il iyulun 22-də həbs olunub.
Emin İbrahimov ümumiyyətlə, əlində bıçaq olmadığını, şərlənərək həbs edildiyini bildirir.
“Mən diktatura rejiminin qurbanıyam”, – Emin İbrahimov barəsində həbs qərarı verilən məhkəmədə belə deyib.
Keçmiş diplomat bildirib ki, iyulun 22-də “Xalqlar dostluğu” metrosstansiyasının yaxınlığında mənzilinin təmiri ilə əlaqədar evinə gedəndə bir nəfər qəfildən onun üstünə gəlib və paltarlarını cırmağa başlayıb. Bundan dərhal sonra o yerdə mülki geyimli polislər peyda olub və onu saxlayıb, Nizami rayonu, 24-cü polis bölməsinə aparıblar. Orada iddia olunub ki, Emin İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlayıb.
Azərbaycanda son illərdə bir sıra fəallar bıçaqla kiməsə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunsalar da, onlar ittihamı qəbul etmirlər. Deyirlər ki, bıçaqlandığı iddia olunan şəxslərə nəinki xəsarət yetirmək, hətta toxunmayıblar. Onlar əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiyəddin Məmmədov da var.
Onlar tələb ediblər ki, hadisənin baş verdiyi iddia olunan ərazidəki kameraların görüntülərinə baxılsın. Lakin bu işlərin heç birində kamera görüntülərinə baxılmayıb.