Bu aylara diqqət!

Üçüncüsü, başlanğıc, start ayın (yanvar) israrla təlqin elədiyi təzələnmək, yenilənmək, yeni nəyəsə başlamaq çağırışıdı

Foto: Meydan Tv


Soyuq aylar, isti ürəklər!…

Azərbaycanda ən mühüm siyasi dəyişikliklər ya soyuq aylarda baş verib, ya da həmin dəyişikliklərin möhkəm və geridönməz əsası, fundamenti bu aylarda qoyulub. Təbii bir neçə vacib istisnalar da var. Məsələn, 1992-ci ilin may inqilabı və yaxud bundan bir il sonranın – 1993-cü ilin iyunundakı dövlət çevrilişi. Yəqin hazırda mənim yadıma düşməyən, xatırlamadığım digər istisna hadisələr də var, mövcuddur. Amma bütövlükdə tendensiya qış fəsli, bu fəslin xüsusən ilk aylarından – yanvar və fevraldan yanadır. Bu iki ayı da bir-biri ilə müqayisə eləsək, yanvarın aşkar üstünlüyü, liderliyi gözə çarpır.

Bir neçə nümunə. 1988-ci ilin fevral ayının ikinci ongünlüyündə Bakıda Meydan hərəkatı başlayıb. Bu hərəkatın ən yeni tariximizdə yeri haqqında müxtəlif ziddiyyətli, bəzən barışmaz mövqelər olsa da, onun siyasi şüurun oyanmasında əvəzedilməz rolu yəqin kimsə tərəfindən mübahisələndirilməz. Həmin illərdən digər misal kimi 1990-cı ilin qanlı 20 yanvar qırğınının adını çəkmədən keçinmək olmur. Hansı ki, hətta sıravi azərbaycanlının dünyagörüşündə belə rus şovinizmi ilə bağlı çoxəsrlik tərəddüd və dilemmalara birdəfəlik son qoydu.

Son onilliyə gəlincə, 2013-cü ilin yanvar ayının axırlarına yaxın İsmayıllı rayonunda baş verənlər yada düşür. Hərçənd bundan düz bir il əvvəl – soyuq mart ayının ilk günündə Quba rayonunda da oxşar hadisələr baş vermişdi. Hər iki hadisənin ortaq cəhəti, onun yerli icra hakimiyyəti başçılarının harın, qudurğan və təhqiramiz hərəkətlərindən qaynaqlanmasıydı. Ki, nəticədə əyalətlərin kortəbii, təşkilatlanmamış, amma kütləvi və aqressiv etirazları ilə müşayiət olundu.

Daha sonra, 2016-cı ilin yanvar ayının əvvəllərində bir sıra rayonlarda – Siyəzən, Lənkəran, Füzuli və s. sosial tələblərlə lokal etiraz aksiyaları keçirildi. Düzdür, bu aksiyalar ilk baxışda sinxron təsir bağışlasa da, sonradan onun sadəcə siyasi təşəbbüslərdən kənar, impulsiv və pərakəndə məzmun daşıdığı ortaya çıxdı.

Ən son nümunə isə bu ilin izdihamlı 19 yanvar mitinqidir. Həm bu sonuncu böyük mitinq, həm də ondan əvvəl əyalətlərdə baş verən kütləvi etirazlar azərbaycanlı ləyaqətinin hələ də diri və aktual olmasının təsdiqidir.

Soyuq ayların ictimai-siyasi, sosial tələbləri qızışdırması, təlatümlər yaratması yalnız Azərbaycanla bağlı deyil. Yaxın tarixdən 2014-ci ilin fevralında baş vermiş Maydan hadisələri (Ukrayna) hələ də müzakirə olunur.

Bütövlükdə götürəndə isə 20-ci əsrin inqilablar tarixi soyuq aylara əbədi möhürünü basıb. Yəni, tərs bir qanunauyğunluq göz önündədir: soyuqlar düşəndə etirazların hərarəti qalxır, bunun əksinə istilər boy verəndə, daxili hərarət enir.

Nəylə bağlıdır, bu?

Temperaturun enməyinin insanın bütün düşüncələrini özünə qaytarmaq, yığmaq, bir yerə toplamaq kimi unikal funksiyası var. Sanki aylarla kənarlarda “veyillənən” fikirlər, geri, mənbəyinə qayıdır və bunun akkumlyasiyası da gec-tez hansısa maraqlı proseslərin stimulyatoruna çevrilir.

İkinci məsələ, guman ki, təqvim dəyişikliyinin yaratdığı psixoloji abi-havada, əhvaldadır. İlin sonunda hətta ən pinti və tənbəl düşüncələrdə belə, cari təqvimə son vurulur, başqa sözlə desək, hesabat verilir və qarşıdan gələn ilə niyəsə və hansısa səbəblərdənsə xoş, nikbin ümidlər bağlanır. Ancaq növbəti ilin elə ilk, sıradan, adidən-adi günləri heç nəyin dəyişmədiyini, hansısa keyfiyyət dəyişikliyinin baş vermədiyini mühüm sirr kimi ortaya çıxarıb, faş edəndə, ilsonunun heç bir siyasi, iqtisadi, məntiqi və s. əsası olmayan arzuları sabun köpüyü kimi axıb yerə tökülür. Bu baxımdan ilbaşı aksiyaları, ilboyu ağır, kədərli və təhkimçi həyat tərzinə dözümsüzlüyün, sonsuz etirazın anonsu kimi çıxış edir, köhnə ilin yeni ilə dövriyyə elədiyi ağır problemlərə tənqidi şüurun sərt, kəskin reaksiyası olur.

Üçüncüsü, başlanğıc, start ayın (yanvar) israrla təlqin elədiyi təzələnmək, yenilənmək, yeni nəyəsə başlamaq çağırışıdı. Azərbaycanlının (və başqa əzilən millətlərin) ilbaşı etirazları onun əbədi yenilənmək, təzələnmək istəyindən, arzusundan, qərar vermək ehtirasından xəbər verir.

Beləliklə, soyuq aylar, etirazların, inqilabların baharıdır. Ya başlayır, ya da tamamlanır. Ona görə də “qış qapını döyür” deyəndə, təkcə temperaturun düşməyini anlamaq düzgün deyil, çünki bu “döymə” daha dərin anlam, daha böyük ismarış verir. Şəxsi həyatında, yaxud yaşadığı ölkədə dəyişikliklər istəyən insanlar, qüvvələr, bu ayların lütfündən, verdiyi imkanlardan tam yararlanmalı, maksimum istifadə etməlidir.

Bu mənada, tez-tez “soyuq aylar, isti ürəklər!” devizini də dodaqaltı zümzümə eləmək olar. Bu aylara çox rahatlıqla hakim siniflərin “haram ayları” da demək mümkündür…

Ana səhifəXəbərlərBu aylara diqqət!