”Bu, artıq mənim son şansımdır”

”Hepatit C” xəstəsi olan məhkum prezidentə müraciət edib

Source:


”Hepatit C” xəstəsi olan məhkum prezidentə müraciət edib

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Rəsul Rafiq oğlu Fətəliyev prezident İlham Əliyevə müraciət ünvanlayıb. Məhkum bildirir ki, Rusiya ərazisində sağlamlığına, şərəf və ləyaqətinə təcavüz edən insanlara qarşı atdığı addım cinayət xarakterli əmələ çevrilib, nəticədə insan tələfatı baş verib. Buna görə də 2007-ci ildə Azərbaycan ərazisində saxlanılaraq, AR CM-nin 120.1. maddəsilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin yekun hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Hazırda cəzasının 8 il, 7 ayını çəkən Rəsul Fətəliyev ağır xəstəliyə düçar olduğunu bildirir: “Cənab Prezident! Mən 1998-ci ildən İİV və “Hepatit C” xəstəliyindən əziyyət çəkirəm. 2005-ci ildən Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdayam. Buna baxmayaraq, sağlamlığımdakı problemlərlə bağlı Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində keyfiyyətli tibbi xidmət almaq, dərman vasitələri ilə təmin olunmaq hüququmdan tam məhrum olmuşam. Lazım olan dərman vasitələrini valideynlərim öz vəsaitləri hesabına alırlar. Milli valyutamızın son devalvasiyasından sonra, demək olar ki, hamısı xaricdən gətirilən, əvvəlcədən də kifayət qədər bahalı olan dərmanların qiymətindəki fantastik artım ailəmin məni dərmanlarla təchiz etməsini xeyli çətinləşib. Belə olan halda, QİÇS xəstəliyinin sonuncu klinik-mərhələsini yaşayan biri kimi, mənə qarşı göstərilən etimadsızlıq həyatıma vurulan balta kimidir”.

Məhkum daha sonra qeyd edir ki, müxtəlif həkim-ekspertlərin təsdiq etdiyi kimi, hazırkı vəziyyəti hər hansı həbs yerində saxlanılmasını qəti olaraq istisna edir: “Üstəlik, mən hazırda cəzamın qanunvericilikdə məntəqə tipli CÇM-ə köçürülməyimə icazə verən 2/3 hissəsini çəkmişəm. Həbs olunduğum andan daim qanunlara, daxili nizam-intizama hörmətlə yanaşmağıma, ciddi qanun pozuntusuna yol verməməyimə, son 4 ildə barəmdə heç bir intizam tədbiri seçilməməsinə baxmayaraq, mən bu hüququmdan heç cür istifadə edə bilmirəm.

Cənab Prezident! Azərbaycan demokratik, hüquqi bir dövlət kimi insan hüquq və azadlıqlarını qoruyan bütün beynəlxalq konvensiyalara ratifikasiya edib, insan hüquq və azadlıqlarının qorunmasını Konstitusiyada dövlətim ali məqsədi elan edib. Lakin mən, eləcə də yüzlərlə immun virusu xəstəliyindən əziyyət çəkən insan bu hüquqlardan faydalana bilmir. Bu ali qanunlar, hüquq aktları onları kağız parçası hesab edən məmurların “xidməti” sayəsində, həqiqətən də “kağız parçasına” dönüb.

Cənab Prezident! Bildiyiniz kimi, QİÇS və “Hepatit C” xəstəliklərindən əziyyət çəkən insanların ömrü 25-30 ildən çox olmur. Mən isə artıq 20 ilə yaxındır ki, bu iki ölümcül virusdan əziyyət çəkirəm. Qeyd etdiyim kimi, hazırda bu xəstəliyin sonuncu klinik mərhələsini yaşayıram. İndiyə qədər gördüyüm bu qədər haqsızlıq, mənə qarşı taleyin kəsdiyi ölüm hökmünün icrasını sürətləndirir. Qarşılaşdığım bu qədər qanunsuzluqların fonunda heç olmasa ömrümün son günlərini tikanlı məftillər, dəmir barmaqlıqlar olmadan keçirmək istəyirəm. Axı, bu, mənim hüququmdur.

2-ci qrup ömürlük əliləm, ailənin tək oğul övladı və nizamlı-intizamlı məhkum kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada Sizə əfv olunmağım üçün indiyədək 15-ə yaxın müraciət etmişəm. Bilirəm ki, əfv sizin müstəsna hüququnuzdur.

Mən subardinasiya qaydalarına riayət etməklə Sizə bu müraciəti yazana qədər mümkün dövlət strukturlarına müraciət etmişəm. Hər dəfə də dövlətin ölüm ayağında olan vətəndaşına qarşı belə biganə ola bilməsindən sarsılmışam. Amma ümidimi itirməmişəm, “bəlkə bu dəfə oldu” deyib, hüquqlarımı axtarmağa davam etmişəm. Hələ ki, tapmağa müvəffəq olmamışam”.

Rəsul Fətəliyev yazır ki, müraciəti məhz prezidentə yetişsin deyə mətbuata üz tutmaq məcburiyyətində qalıb: “Bu, artıq mənim son şansımdır. Sizdən başqa müraciət edəcəyim heç kim yoxdur. Yəqin ki, heç buna vaxtım da olmayacaq. Bütün bunları nəzərə alaraq, yazdığım faktların araşdırılmasına göstəriş verməyinizi, mənim pozulan hüquqlarımın bərpasına kömək etməyinizi Sizdən xahiş edirəm”.

Ana səhifəXəbərlər”Bu, artıq mənim son şansımdır”