”Bu adamı saxta ittihamla şərləmək yox, Milli Qəhrəman adı vermək lazımdır”

Vəkil: “Fitrə pulunu da cinayət yoluyla əldə olunmuş vəsait sayıblar”

Source: meydan tv


Vəkil: “Fitrə pulunu da cinayət yoluyla əldə olunmuş vəsait sayıblar”

AXCP-yə maliyyə yardımına görə cəzalandırılan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin qardağı oğlu Vidadi Rüstəmli və partiyanın üç funksioneri – Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli haqqında hökm qüvvəyə mindi. Mayın 8-də Bakı Apelyasiya Məhkəməsi onların şikayəti təyin olunmaması, hökmün dəyişdirilmədən saxlanması barədə qərar çıxarıb

Qərardan öncə vəkil Cavad Cavadov dəmir qəfəsdə saxlanılan təqsirləndirilən şəxslərin oradan çıxarılması barədə vəsatət verib. Müdafiəçi bildirib ki, Azərbaycanın da qoşulduğu Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən, insanın bu şəkildə saxlanılması qeyri-insani rəftardır.

Amma Namiq Məmmədovun sədrliyi ilə Əflatun Qasımov və Əmir Bayramovdan ibarət hakimlər bunu mümkün hesab etməyib.

Ardınca təqsirləndirilən şəxslər və onların vəkilləri çıxış ediblər. Onların hamısı ittihamların yalan olduğunu bildirib, məhkəmədən bəraət istəyiblər.

S.Rüstəmlinin vəkili İlhamə Həsənova deyir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bu adamlar haqqında çıxardığı hökm analoqu olmayan qanunsuzluq və ədalətsizlikdir. Vəkil hökmü “ədalətsizliyin təntənəsi” kimi qiymətləndirib.

“Adam Rusiya vətəndaşıdır. Orada yaşayıb, sahibkarlıq ilə məşğul olub. Oradan adamlar pul yığıb Azərbaycanda hansısa şəxsə və ya təşkilata yardım göstəribsə, burada nə cinayət var? Qanunsuz sahibkarlığın subyekti Azərbaycanda bu işlə məşğul olan şəxslər ola bilər. Saleh Rüstəmli isə ümumiyyətlə Azərbaycanda yaşamır. O, Azərbaycanda nə qanuni, nə də qanunsuz sahibkarlıqla məşğul olub. İstintaq orqanı onun həbsindən sonra Rusiyaya sorğu göndərib. Sorğuya cavab gəlib ki, bu adamın fəaliyyətində heç bir qanunsuzluq yoxdur, bütün vergilərini ödəyib. Bu adamı indi necə qanunsuz sahibkarlıqda ittiham etmək olar? Pul toplayıb siyasi dustaqlara yardım göndərən adamlar məhkəmədə dindirildilər. Məlum oldu ki, işləyib qazandıqları puldan 20 manat, 50 manat yardım eləyiblər. Buna necə cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması adı qoymaq olar? Hər gün sosial şəbəkələrdə nə qədər insani yardım elanları yerləşdirilir, pul toplanır. İndi bu da cinayətdir?”, – deyə İlhamə Həsənova bildirib.

Vəkilin sözlərinə görə, S.Rüstəmlinin bütün bacı-qardaşlarının əmlakları, hətta ata mülkləri də müsadirə olunub. Amma hökmdə əmlakların müsadirə olunmasıyla bağlı heç bir əsaslandırma yoxdur.

S.Rüstəmlinin digər vəkili Bəhruz Bayramov da deyir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin nəyə əsaslanıb belə absurd nəticəyə gəldiyi bilinmir. Müdafiəçinin sözlərinə görə, öncə saxta narkotik ittihamı ilə bağlı əməliyyat keçirib S.Rüstəmlini həbs ediblər. Daha sonra onu işgəncə altında AXCP-yə maliyyə yardımı barədə ifadəyə imza atmağa məcbur ediblər.

Vəkil əmlakların müsadirəsi barədə danışıb. Bildirib ki, S.Rüstəmli anadan olmamış atasının tikdiyi evi, Türkiyədə həkim işləyən bacısı qızının Bakıdakı torpaq sahəsini belə, müsadirə ediblər: “Hətta bu ittihamları qəbul etsək belə, maliyyə yarımı 2016-2018-ci illərdə olub. Müsadirə olunan əmlaklar isə uzun illər öncə alınmış əmlaklardır. Bu gün Şuşanın işğalı günüdür. Azərbaycanın hərb tarixində ən möhtəşəm əməliyyatlardan biri olan Başkənd əməliyyatının təşkilatçısı Saleh Rüstəmli olub. Onun sayəsində 46 kvadratkilometr ərazi azad olunub. Əvvəl də demişəm, bu adamı saxta ittihamla şərləmək yox, ona Milli Qəhrəman adı vermək lazımdır. Siz ən azı bu adamın işinə obyektiv baxın”.

S.Rüstəmli özü üç cümlə ilə kifayətlənib. Bildirib ki, deyəcəyi hansısa fikrin məhkəmənin qərarına təsir göstərəcəyinə inanmır: “Bir şeyi demək istəyirəm ki, mən cinayətkar deyiləm. Heç bir cinayət törətməmişəm”.

Digər vəkillər Gülnar Quluzadə, Aqil Layicov, Fariz Namazlı, Cavad Cavadov çıxışlarında ittihamların reallığa uyğun olmamasından danışıblar.

“Mandela deyirdi ki, cəmiyyətin ruhu ədalətdir. Bu adamlara cəmiyyət bəraət verib. Əminəm ki, istintaqçılar da, hakimlər də onların günahsız olduğunu bilir. Çox təəssüf ki, özümüz özümüzə qiymət verə bilmirik. Comərdliyi, fədakarlığı ilə seçilən bu adamlar təqsirləndirilən şəxa qismindədir. Bunlar heç bir cinayət törətməyib. Cinayət Aqil və digərlərinə işgəncə verməkdir. Günahsız insanların haqqında qanunsuz hökm çıxrmaqdır”, – deyə A.Layicov bildirib.

Aqil Məhərrəmli özü də haqqındakı cinayət işinin siyasi sifariş olduğunu, AXCP-nin fəaliyyətinə əngəl məqsədilə quraşdırıldığını deyib.

Cavad Cavadov deyir ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar absurddur. Həmin absurd iddiaların yer aldığı ittiham aktı az qala nöqtə-vergülünə qədər hökmə köçürülüb: “Rusiyalı vəkillər belə hökmlərə “fləş hökmlər” deyirlər. Yəni ittiham aktı “fləşka”da gətirilib, hökmə köçürülür. Məhkəmədə maliyyə yardımı göndərən şahidlərdən biri dedi ki, Ramazan ayı idi, mən də yardımı fitrə pulu kimi göndərdim. Fitrə pulu da cinayət yolu ilə əldə edilmiş vəsait sayılır? Əmlakların müsadirəsi çox ədalətsiz və qanuna sığmayan qərardır”.

Təqsirləndirilən Babək Həsənov özünü qətiyyən təqsirli bilmədiyini, bu məhkəmədən də ədalət gözləməyin absurd olduğunu deyib: “Bakı Ağır Cinayətlər Məhkəməsinin Azərbaycan dövləti adından yox, Azərbaycan hakimiyyəti adından verilən cəza kimi qəbul edirik. Səbəb isə vətəni bu hakimiyyətdəkilərdən daha çox sevməyimizdir. Bu qondarma ittihamların mahiyyətinə iki aspektdən baxmaq lazımdır. Birinci, İlham Əliyevin yuxularını ərşə çəkən Əli Kərimlinin cəzalandırılması üçün quraşdırılıb. İkinci, artıq cana doymuş xalqın ümid yeri olan Milli Şuranın, AXCP-nin qarşısını almaq niyyəti güdülüb. Saleh Rüstəmlinin bütün qohum-əqrəbasının əmlaklarının müsadirəsi də başqalarının gözünü qorxutmaq məqsədi daşıyır. Yəni siz də kiməsə yardım eləmək istəsəz, bu vəziyyətə düşərsiz”.

Prokuror Süleyman Atakişiyev hökmün dəyişdirilməsinə əsas olmadığını deyib, qüvvədə saxlanılmasını istəyib. Hakimlər də bir neçə dəqiqəılik müşavirədən sonra buna qərar veriblər.

Rusiya vətəndaşı olan və ötən il mayın əvvəlində Azərbaycana gələn S.Rüstəmli mayın 8-də narkotik ittihamıyla həbs olunub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib. Mayın 25-də isə AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Rüslan Nəsirli həbs edilib. Həm S.Rüstəmligilə, həm də cəbhəçilərə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamları verilib. İddia olunur ki, S.Rüstəmlİ Rusiyadan AXCP-yə 712 min manat pul göndərib.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. S.Rüstəmli bildirib ki, AXCP üzvü olub, 1998-ci ildən ailəsilə Rusiyaya köçərək, kiçik bizneslə məşğul olub. Son iki-üç ildə qazancından Azərbaycanda siyasi məhbus ailələrinə yardım edib. Onun sözlərinə görə, indiyədək göndərdiyi ümumi məbləğ 10 min dollardan çox olmaz.

Bu həbslərdən sonra AXCP sədri Əli Kərimli də bənzər açıqlama verərək bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdur. Onun sözlərinə görə, S.Rüstəmli 500-1000 dollar olmaqla, bir neçə dəfə yardım göstərib: "Ümumi məbləğ təxminən 5-6 min dollar olar".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə isə şərti cəza verilib.

S.Rüstəmlinin bacı və qardaşlarına, onların övladlarına məxsus xeyli əmlak müsadirə olunub.

Ana səhifəXəbərlər”Bu adamı saxta ittihamla şərləmək yox, Milli Qəhrəman adı vermək lazımdır”