''Hakimiyyət xalqın təşkilatlanmasından və etirazından qorxur''
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-nə təyin etdiyi mitinq müraciətinə cavab vermir. Qarabağ Komitəsinin mayın 4-nə təyin etdiyi mitinq müraciətinə isə "yox" deyib.
Bu barədə Meydan TV-yə Milli Şura üzvü İlham Hüseyn məlumat verib. O, icra hakimiyyətinin cavabının hökumətə yaxın mediada yayımlandığını söyləyib:
“Mediada Qarabağ Komitəsinə cavab məktubu yer alıb. Ancaq biz icra hakimiyyətindən cavab ala bilmirik”.
İlham Hüseyn bildirib ki, onlar həm də mayın 11-də mitinq etmək istəyirlər. Bununla bağlı da müraciət ediblər:
“İndiyə qədər 5 dəfə mitinq keçirməklə bağlı müraciətimizə icazə verilməyib. Hazırda bununla bağlı məhkəmədə beş iddiamız var. Əgər bu dəfə də icazə verilməsə, yenə məhkəməyə müraciət edəcəyik”.
Qarabağ Komitəsi idarə heyətinin üzvü Əvəz Zeynallı icra hakimiyyətinin mitinqə icazə verməməsini hakimiyyətin xalqın təşkilatlanmasından və etirazından qorxmağı kimi qiymətləndirib:
“Artıq Qarabağ Komitəsinin 6-cı mitinqidir ki, icazə verilmir. Bunu başqa necə qiymətləndirmək olar?”
Əvəz Zeynallı bildirib ki, onlar da icra hakimiyyətinin əvvəlki mitinq müraciətlərinə rədd cavabına görə məhkəmə iddiası qaldırıblar:
“İyunun 4-də Ali Məhkəmədə ilk mitinqə rədd cavabı verilməsi şikayətinə baxılacaq. Biz Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyik”.
Meydan TV məsələyə Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib. İdarədən gün ərzində telefonlara cavab verən olmayıb.