BŞBPİ: ”Məhsul” stadionu ətrafında saxlanılanlardan 10 nəfəri inzibati həbs cəzası alıb

Polis 5 nəfərin xəbərdarlıq edildikdən sonra sərbəst buraxıldığını deyir

Source:


Polis 5 nəfərin xəbərdarlıq edildikdən sonra sərbəst buraxıldığını deyir

“Məhsul” stadionun yaxınlığında saxlanılanlardan 10 nəfərinin inzibati qaydada həbs cəzası aldığı bildirilir. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən “ölkə.az”a məlumat veriblər.

Bildiriblər ki, yanvarın 26-da, saat 15 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib. “Bu zaman ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib, ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər,”- xəbərdə qeyd olunur.

Məlumatda bildirilir ki, küçə yürüşünün qarşısı alınıb, aksiyanın 15 iştirakçısı saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə aparılıb, digərləri ərazidən uzaqlaşdırılıb.

Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb.

Demokratik Qüvvələrin Milli Şurası yanvarın 26-da mitinq keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin şəhər rəhbərliyi aksiyanın keçirilməsinə icazə verməyib. Bundan sonra Milli Şura polislə qarşıdurmaya getməmək üçün mitinqin ləğv olunduğunu elan edib.

Milli Şuranın yanvarın 19-da baş tutan mitinqinə ReAl və Müsavat Partiyaları da dəstək vermişdi. Bundan sonra polisin icazəli mitinqdə iştirak edən vətəndaşlara zəng edib hədə-qorxu gəldiyi haqda məlumatlar

yayıldı

.

Ana səhifəXəbərlərBŞBPİ: ”Məhsul” stadionu ətrafında saxlanılanlardan 10 nəfəri inzibati həbs cəzası alıb