BŞBPİ keçmiş diplomatı axtarışa verib (yenilənib)

Ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadə də axtarışdadır

Source:


***


18.40. Keçmiş diplomat Arif Məmmədov barəsində axtarış elan edilməsi ilə bağlı “Facebook” səhifəsində şərh verib.


Arif Məmmədov bildirib ki,


qərarın məqsədi onun hərəkət dairəsini məhdudlaşdırmaqdır. “Qərbi Avropadan kənara çıxmaq olmaz, Qafqaza gəlməsin” mesajını verirlər.


AND-ın gələcək toplantısını Gürcüstanda keçirmək planımız deyəsən onları təşvişə salıb”.


A.Məmmədov 2000-2006- cı illərdə Brüsseldə Azərbaycanın Aİ nümayəndəliyinə, 2007-2012- ci illərdə isə Strasburqda Avropa Şurasının daimi nümayəndəliyinə rəhbərlik edib. 2013-cü ildən o, Aİ nəzdində İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi olub.


Onun cinayət təqibi 2015-ci ilin mayında Bakının Binəqədi rayonunda 15 nəfərin həyatına son qoymuş yanğına görə məmurları tənqidə məruz qoymasından sonra başlayıb.


***


16.31.


Keçmiş diplomat Arif Məmmədov və Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə gedən şəxs Elnur Mirzəyev barəsində olan cinayət işi üzrə istintaq dayandırılıb.


Səbəb onların axtarışda olmalarıdır.


Həmin şəxslər saxlanılaraq istintaq orqanına təhvil verildikdən sonra cinayət işi üzrə istintaq davam etdiriləcək.


***


Ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadə də axtarışdadır

Keçmiş diplomat Arif Məmmədov və ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadə axtarışa verilib.

Onların axtarışı haqda məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, 1964-cü il təvəllüdlü Arif Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edilib.

1981-ci il təvəllüdlü Elnur Nağızadə isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışdadır.

A.Məmmədov 2000-ci ilin mayından 2006-cı ilin noyabrına kimi Brüsseldə Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri işləyib.

2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrına kimi də Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi kimi fəaliyyət göstərib.

2013-cü ilin iyun ayından etibarən isə Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olub.

2015-ci ilin mayında Binəqədi rayonunda hündürmərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra o, hakimiyyəti sərt tənqid etməyə başlamışdı. Yanğına əsas səbəb kimi binanın üzərinə çəkilmiş penoplast üzlüklər göstərilirdi. İctimaiyyət arasında bəzi tanınmış simalar belə bu hadisəni korrupsiya üzündən baş verən yanğın hadisəsi kimi dəyərləndirirdilər.

Səfir A.Məmmədov da belə tənqidlərdən sonra vəzifəsindən azad edilib geri çağırılsa da, Bakıya qayıtmayıb.

Ana səhifəXəbərlərBŞBPİ keçmiş diplomatı axtarışa verib (yenilənib)