Federal prokuror: ”İnsident “terror hadisəsi” kimi dəyərləndirilir”
Brüsselin Mərkəzi Vağzalından insanları evakuasiya ediblər. Səbəb terror təhlükəsidir.
“DH” qəzeti yazır ki, bel çantası və partladıcı kəməri olan şəxs Mərkəzi Vağzalda güllələnərək öldürülüb.
Hazırda Brüsselin əsas binaları əsgəri qüvvələr tərəfindən mühafizə edilir.
Şahidlər bildirirlər ki, hadisə baş verərkən turist məkanı olan bu ərazi izdihamlı olub.
“Het Laatste Nieuws” qəzeti isə kiçik partlayışdan əvvəl bir nəfərin “Allahu-Əkbər” qışqırdığını yazıb.
Səsə gələn əsgərlər şübhəlinin paltarının altından naqillərin çıxdığını görüb atəş açıblar.
Polis sözçüsü deyir ki, bir nəfərin üstündə partlayış olub: “Həmin şəxs əsgərlər tərəfindən güllələnib”.
Belçikanın federal prokuroru Erik Van Der Sypt isə yerli mətbuata Brüsselin Mərkəzi vağzalında baş vermiş insidentin “terror hadisəsi” kimi dəyərləndirildiyini söyləyib.
Antiterror polisi şübhəlinin təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.