Bu video sosial şəbəkələrdə yayımlandıqdan sonra ölkə ictimaiyyətində böyük səs-küy yaratdı. Nəticədə insanların broyler toyuqlarına təlabatının azaldığı deyilir. Zərəri isə istehlakçılar çəkir.
Bir neçə toyuq məhsulları satılan mağazaya baş çəkdik. 12 ildir toyuq və toyuq məhsullarının satışı ilə məşğul olan Eldar Nəzərov deyir ki, toyuğun 40-50 günə böyüməsində bir problem yoxdur. Yemi yaxşı verirlər, o da tez böyüyür. Alıcılıq qabiliyyəti ilə bağlı isə az da olsa, azalmanın olduğunu gizlətmədi.
“Səba” quşçuluq fabrikinin mağazasında olduq. Elə söhbətin düz üstünə çıxmışdıq. Müştəri bu söhbətlər olmamışdan əvvəl “Səba” toyuqlarını aldığını deyirdi.
Marketdə işləyən Şərafət xanımın sözlərinə görə isə, bunların hamısı şayiədir, bunu şirkətləri gözdən salmaqdan ötrü deyiblər. O deyir ki, bu xəbərlərdən sonra alıcılıq qabiliyyətində zəiflik hiss olunur. Lakin bizə güvənən müştərilərimiz də var.
“Son günlər bəzi kütləvi informasiya vasitələrində quşçuluq müəssisələrində istehsal olunan quş ətinin maye vurulmaqla çəkisinin artırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycanda fəaliyyət göstərən quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib”. Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev mediaya açıqlamasında deyib.İqtisadçı Rəşad Həsənov isə düşünür ki, onsuz da tələbatdan artıq məhsul istehsalının doğurduğu problemlər girdabında boğulan broyler təsərrüfatları yeni bir gözdənsalma kampaniyası üzləşib. Xüsusilə də indiki cətin iqtisadi dövrdə vətəndaşları psixoloji təzyiq altında saxlamaq düzgün deyil. Çünki daha münasib qiymətlərlə təklif edilən quş əti ölkə əhalisinin gündəlik qida rasionunda ciddi paya malikdir. Həmçinin, yeganə məhsul növüdür ki, ötən 10 il ərzində qiymət ucuzlaşması baş verib”.
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə fərqli fikirdədir. Onun bildirdiyinə görə, broylerin keyfiyyətindən narazı qalan istehlakçılardan təşkilata tez-tez şikayətlər daxil olur. “Sosial şəbəkələrdə yayılan videonu mən də həqiqət hesab edirəm. Ola bilər, rəqabət aparan bir qrup bunu etsin. Lakin broyler fabriklərində həqiqətən belə bir problemlər yaşanır. Broyler fabrikləri tam açıq olmalıdır, eləcə də müstəqil laboratoriya yaradılmalıdır, baytarlıq dərmanlarının qalıqları, antibiotiklər yoxlanılmalıdır”.
Növbəti ünvanımız Mərkəzi bazar oldu. Satıcı Anarə xanım deyir ki, son günlər broyler toyuqlarının satışı zəifləyib. Toyuqların keyfiyyətini soruşduqda öz fermalarında yetişdirdiklərini,heç bir iynənin vurulmadığını, buğda ilə qidalandığını dedi.