“Broyler istehsalçılarına qarşı gözdənsalma kampaniyası aparılır”

İqtisadçı Rəşad Həsənov: “İndiki cətin iqtisadi dövrdə vətəndaşları psixoloji təzyiq altında saxlamaq düzgün deyil”

Source:

İqtisadçı Rəşad Həsənov: “İndiki cətin iqtisadi dövrdə vətəndaşları psixoloji təzyiq altında saxlamaq düzgün deyil”

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramında qarşıya çoxlu məqsədlər qoyulmuşdu ki, bunlardan yalnız biri artıqlaması ilə yerinə yetirilib -Quş əti istehsalı”.  Bu sözləri iqtisadçı Rəşad Həsənov deyir.


“Bu sektorun ciddi sıxıntıları var, amma…”

Onun sözlərinə görə, proqramda 2015-ci il üçün ölkədə quş əti istehsalının illik həcminin 80 min tona çatdırılmasının nəzərdə tutulmasına baxmayaraq, hələ 2013-cü ildə istehsal 98 min tona çatmaqla hədəflənən göstəricini 35 faiz üstələmişdi: “Baxmayaraq ki, bu sektorun ciddi sıxıntıları və kəskin rəqabət mühitinə malik daxili bazarlarda dayanıqlılıq nümayiş etdirmək kimi problemləri var. Bununla belə, həqiqətən də son 10 ildə ölkədaxili broyler təsərrüfatları idxal məhsullarla rəqabətdə daha keyfiyyətli məhsul istehsalına nail ola bilib. Həmçinin ötən müddət ərzində müxtəlif dəstək proqramları çərçivəsində milyonlarla dövlət vəsaiti quşçuluq təsərrüfatlarının inkişafı məqsədi ilə xərclənib. Nəticədə illik istehsal həcmi 2007-ci ilə nisbətən 57 faiz artaraq 61.9 min tondan 97.5 min tonadək yüksəlib. 2007-ci ildə ölkəyə 21.2 min ton quş əti idxalı olsa da, bu rəqəm 2013-cü ildə 3.8 min tonadək azalıb. Quş əti üzrə ölkədaxili tələbat illik təxminən 100 min tondur”.

İqtisadçı onu da bildirir ki, son günlər KİV-də və sosial şəbəkələrdə broyler istehsalına aidiyyatı olmayan məlumatların yayılması sektora ağır zərbə endirir: “Belə ki, onsuz da tələbatdan artıq məhsul istehsalının doğurduğu problemlər girdabında boğulan broyler təsərüfatları yeni bir gözdənsalma kampaniyası üzləşib. Düşünürəm ki, Kənd Təsərüfatı ilində və həmçinin, qeyri-neft sektorunun inkişaf etdirilməsinin ən aktual dövründə bu kimi kampaniyaların aparılması doğru deyil. Həmçinin yerli mətbuatın heç bir əsaslı araşdırma aparmadan bu məlumatları yayması əslində yerli istehsala bilərəkdən zərbədir. Məhz bu kimi neqativ təsirləri neytrallaşdırmaq üçün əslində Kənd Təsərüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələ ilə əlaqədar ictimaiyyətə açıqlamalar verməlidir. Əks halda bu qurumlara sual oluna bilər ki, “bəs siz hara baxırsınız?””

Rəşad Həsənov deyir ki, xüsusilə də indiki cətin iqtisadi dövrdə vətəndaşları psixoloji təzyiq altında saxlamaq düzgün deyil:

“Çünki daha münasib qiymətlərlə təklif edilən quş əti ölkə əhalisinin gündəlik qida rasionunda ciddi paya malikdir. Həmçinin, yeganə məhsul növüdür ki, ötən 10 il ərzində qiymət ucuzlaşması baş verib”.


“İstehlakçılar arasında çaşqınlıq yaradılır”

“Son günlər bəzi kütləvi informasiya vasitələrində quşçuluq müəssisələrində istehsal olunan quş ətinin maye vurulmaqla çəkisinin artırılması ilə barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bunu isə Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bununla bağlı keçirilən tədbirdə deyib.

Trend-in məlumatına görə, Aydın Vəliyev deyib ki, bu mənbəyi bilinməyən xəbərlər istehlakçılar arasında çaşqınlıq yaratmaqla yanaşı, quşçuluq fabriklərinin işgüzar nüfuzuna xələl gətirir: “Azərbaycanda fəaliyyət göstərən quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib. Bu fabriklərdə robot kəsim tətbiq olunur, istehsal və qablaşdırma prosesi tam olaraq müasir texnologiyaların tətbiqi əsasında aparılır və sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir. Quşçuluq məhsullarının istehsalı prosesi insan təması olmadan, qapalı şəraitdə sənaye üsulu ilə yüksək sanitar-epidemioloji qaydalara tam əməl olunmaqla həyata keçirilir və bu məhsullar ekoloji təmiz qablaşdırılır”.

A.Vəliyev bildirib ki, quşçuluq fabriklərinin fəaliyyətinə, o cümlədən istehsal və qablaşdırma prosesinə aidiyyəti dövlət strukturları tərəfindən mütəmadi olaraq nəzarət həyata keçirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Şahin Nağıyev istehlak bazarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirildiyini qeyd edərək bildirib ki, nəzarət tədbirləri mütəmadi xarakterli və istehlak bazarında digər mıəhsullarla yanaşı, quş ətinin keyfiyyətinə də ciddi nəzarət edilir. Ümumiyyətlə, dövlət başçısının tapşırığına uyğun olaraq, quşçuluğun inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi, quşçuluq təsərrüfatlarının yaradılmasına və müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasına verilən 110 mln. manat güzəştli kredit quşçuluğun kompleks inkişafını təmin edib.


İllik istehsal 100 min tonu keçib

Görülən işlərin nəticəsidir ki, sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1.5 dəfə artaraq 2014-cü ildə 99.4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64.1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1.3 dəfə artaraq 2014-cü ildə 1.6 mlrd. ədəd təşkil edib. Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur, həm ölkə daxilində, həm də ixrac ölkələrində istehlakçı məmnunluğu ilə qarşılanır.

Ş.Nağıyev son günlərdə yayılmış məlumatların həqiqəti əks etdirmədiyini vurğulayaraq, istehlak bazarında quş ətinin bütün keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdiyini bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı Ramil Salmanov deyib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə məlumatlar yayıldıqdan sonra bir daha monitorinqlər aparılıb, satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib: “Bu məlumatların heç bir əsası yoxdur və yerli quşçuluq məhsullarımız öz yüksək keyfiyyəti və çox çeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir”.

Ana səhifəXəbərlər“Broyler istehsalçılarına qarşı gözdənsalma kampaniyası aparılır”