”Broker Əbülfəz Məlikov tələb edir ki, malımı ona, özü də mayasına təhvil verim”

”Onların məqsədi budur ki, mal bazara bir əllə girsin və qiymətlər aşağı düşməsin”

Source:


”Onların məqsədi budur ki, mal bazara bir əllə girsin və qiymətlər aşağı düşməsin”

“Deyirlər inhisarçılıq götürülüb, vasitəçi brokerlər ortadan qaldırılıb. Bəs o zaman Əbülfəz Məlikov kimdir ki, mənim gətirdiyim mala sahib çıxmaq istəyir?” Bunu “Turan IA”-a iiş adamı Səxavət Mustafayev deyib.

2015-ci ildən şüşə idxalı ilə məşğul olan Səxavət Mustafayev Dövlət Gömrük Komitəsində (DGK) incidildiyini bildirib.

Sahibkarın sözlərinə görə, dekabrın 21-də Rusiya Federasiyasından Biləcəri stansiyasına gəlmiş bir vaqon şüşəni (6673 kv m) bugünədək qəbul edə bilmir: “Dekabrın 29-da inhisarçı Əbülfəz Məlikovla separat danışığa getməli oldum. Sumqayıt Baş Gömrük İdarəsi onun razılığından sonra gömrük rəsmiləşdirməsini apardı”.

Səxavət Mustafayev deyib ki, gömrük ödəmələrini aparıb və mal onun adına rəsmiləşib: “Amma indi Əbülfəz Məlikov tələb edir ki, malı başqasına sata bilmərəm və ona, özü də mayasına təhvil verməliyəm. Onların məqsədi budur ki, mal bazara bir əllə girsin və qiymətlər aşağı düşməsin”.

Sahibkar Sumqayıt Baş Gömrük İdarəsinin Dəmir yolu Gömrük Postundan yükün boşaldılaraq ona təhvil verilməsini tələb edir. Amma postun rəisi ona deyib ki, bunu etsə, vəzifəsindən kənarlaşdırılacaq. Yükün dəmir yolu stansiyasında qalması isə sahibkara hər gün 145 manat ziyan vurur.

Səxavət Mustafayev bildirir ki, dekabrın 21-dən indiyəkək DGK-ya, hüquq-mühafizə orqanlarına, Prezident Administrasiyasına etdiyi müraciətlərə heç bir reaksiya verilmir: “Müraciətlərin hələlik bir nəticəsi var: mənə müxtəlif təzyiqlər etməyə başlayıblar. Lakin mən mövqeyimdən dönməyəcəm. Bu vaxta qədər gətirdiyim şüşə lövhələri öz adıma da, başqa şəxslərin adlarına da rəsmiləşdrmişəm. Prezident İlham Əliyev gömrükdə qayda-qanun yaradılmasını istədiyini söyləyir. Mən də hər şeyin qanuni olmasını tələb edirəm”.

Barəsində söhbət gedən Əbülfəz Məlikovun gömrük brokeri şirkətlərindən birinə rəhbərlik etdiyi, ölkəyə gətirilən müxtəlif malların onun vasitəsi olmadan gömrük orqanlarında qəbul edilmədiyi bildirilir.

Dövlət Gömrük Komitəsindən məsələni şərh etmək istəməyiblər.

Ana səhifəXəbərlər”Broker Əbülfəz Məlikov tələb edir ki, malımı ona, özü də mayasına təhvil verim”