Britaniyadan Rusiyanın vəzifəli şəxslərinə daha bir sanksiya

Böyük Britaniya-Rusiya. Mənbə: hxdbzxy/shutterstock

Daşınmaz əmlak və pullarına həbs qoyulub

Böyük Britaniya Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenkoya, tanınmamış separatçı qurumlar “Donetsk Xalq Respublikası” Baş naziri Vitali Xotsenkoya və “Luqansk Xalq Respublikası” Baş nazirinin birinci müavini Vladislav Kuznetsova qarşı sanksiyalar tətbiq edib.

Londonun iyulun 26-da elan etdiyi sanksiyalar sənədində 42 yeni maddə var.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz, Kursk vilayətinin qubernatoru Roman Starovoit, Samara vilayətinin qubernatoru Dmitri Azarov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sevastopol qubernatoru Mixail Razvojayev, Moskva vilayətindən Andrey Vorobyov, iş adamı Əlişir Usmanovun qardaşı oğulları Sərvər və Sanjar İsmayılovların daşınmaz əmlakına və banklardakı pullarına həbs qoyulub.

Daşınmaz əmlakına və banklardakı pullarına həbs qoyulanların siyahısında britaniyalı jurnalist və bloger Qrem Fillipsin də adı var.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaBritaniyadan Rusiyanın vəzifəli şəxslərinə daha bir sanksiya