Budəfəki sanksiya siyahısına 206 nəfərin salındığı bildirilir
Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
206 nəfərin salındığı siyahıya düşənlərin əksəriyyətinin adları məlum olub.
Bunlar “Lukoyl”un sahibi Vahid Ələkbərov, AFK “Sistema” şirkətinin əsas səhmdarı Vladimir Yevtuşenkov, “Transmaşholdinq”in prezidenti Andrey Bokarev, Rusiya Federasiyası Prezidentinin köməkçisi Andrey Fursenko, “Qazprombank”ın vitse-prezidenti Sergey Fursenko, Rusiya Dəmir Yollarının sabiq rəhbəri Vladimir Yakunin, Rusiya xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya Lavrova, “ESN” şirkətlər qrupunun sahibi Qriqori Berezkin, sahibkarlar Səid Kərimov, Fərhad Əhmədov, “Alliance Group”un prezidenti Musa Bajaevdir.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.
Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.
Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.