Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiya paketini elan edib. Hökumətin açıqlamasına əsasən, siyahıya Rusiyanın ən iri neft şirkətləri — “Rosneft” və “Lukoil”, həmçinin “kölgə donanması”na aid 51 tanker, bir neçə bank və xarici şirkət daxil edilib.
Ümumilikdə 90 şəxs və təşkilat sanksiyaya məruz qalıb. Qərara əsasən, Transstroybank, Primsoçbank, BBR Bank, Solid Bank və Rusiyanın Milli Ödəniş Kartı Sistemi də sanksiya siyahısına əlavə olunub.
Reuters-in yazdığına görə, Britaniya hökuməti bildirib ki, “Rosneft” və “Lukoil” Rusiya hökumətinin gəlir mənbəyi kimi strateji əhəmiyyət daşıyan enerji sektorunda fəaliyyət göstərdiyinə görə hədəfə alınıb.
Maliyyə naziri Reyçel Rivs ABŞ-də səfərdə olarkən deyib ki, London Kremlə maliyyə axınını dayandırmaqda qətiyyətlidir:
“Rusiyanın iki ən böyük neft şirkətinə — “Lukoil” və “Rosneft”ə qarşı hədəfli sanksiyalar tətbiq edirik. Eyni zamanda, Rusiya neftinin bazarlara çıxarılmasına kömək edən üçüncü ölkə şirkətlərinə də təzyiq artırılır”.
Yeni sanksiyalar aktivlərin dondurulması, səyahət qadağası, direktorluq məhdudiyyətləri və Britaniya trest xidmətlərinə çıxışın qadağan edilməsini nəzərdə tutur.
Siyahıda azərbaycanlı iş adamları da var
Bu vaxta qədər Britaniyanın açıqladığı sanksiya siyahısında bir sıra azərbaycanlı iş adamlarının adları da yer alıb. Onlar arasında:
- Vahid Ələkbərov – “Lukoil”un prezidenti;
- Qod Nisanov – “Kiyevskaya Ploşad” şirkətinin direktorlar şurasının sədri;
- Zarax İliyev – Nisanovla biznes əlaqələrinə görə sanksiya siyahısında;
- Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub, Tahir Qarayev – “Coral Energy Group” neft ticarəti şirkətinin rəhbərləri;
- Şanlık Şükürov – Türkiyədə qeydiyyatdan keçmiş “Mastel Makina” şirkətinin təmsilçisi;
- Fikrət Tağıyev – keçmiş həbsxana rəisi, hüquqşünas Sergey Maqnitskinin ölümündə məsuliyyət daşımaqda ittiham olunur.
Britaniya hökuməti Fikrət Tağıyevi Sergey Maqnitskinin 2009-cu ildə “Matrosskaya Tişina” təcridxanasında ölümündən əvvəl pis rəftara məruz qalmasına görə cavabdeh hesab edir və onun ölüm şəraiti ilə bağlı dəlillərin gizlədilməsində iştirak etdiyini bildirir.