“Biz BP-ni 98 siyasi məhbusun azad edilməsi məsələsini Azərbaycan hökumətinin qarşısında qaldırmağa və 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına sponsorluqdan imtina etməyə çağırırıq”
Böyük Britaniyanın vətəndaş cəmiyyəti fəallarından və hüquq müdafiəçilərindən ibarət bir qrup ötən gün Londonda BP neft şirkətinin ofisinin qarşısında etiraz aksiyası keçirib. İştirakçılar bu neft nəhənginin Azərbaycanda hakim rejimi dəstəkləməsinə etirazını bildirib və Əliyev hökuməti ilə əlaqələri kəsməyə çağırıblar.
Bu barədə Index on censorship nəşri bildirib.
“Bu həftə neft müqaviləsinin imzalanmasının 20-ci ildönümü tamam olur. BP ilə Əliyevər ailəsinin əməkdaşlığı bundan başlayıb. Əliyev rejimi pullardan və repressiyadan istifadə edərək demokratiyanı boğur”, – nəşr belə yazır.
Hazırda ölkədə 98 siyasi məhbus var və onların sayının artması təhlükəsi var. Hazırda tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev həbsdədir.
“Biz BP-yə deməliyik ki, şirkətin öz vətəndaşlarını sıxışdıran, onları həbsə atan, əsas insan hüquqlarını pozan Azərbaycan hökuməti ilə əməkdaşlıq etməsi dözülməzdir”, – aksiya iştirakçılarından biri deyib.
Aksiyanın təşkilatçılarından biri Ema Hyuc İndex- deyib: “Bu gün biz Azərbaycanın vətəndaş cəmiyyəti ilə həmrəylik nümayiş etdirmək üçün bura toplaşmışıq. Biz BP-ni 98 siyasi məhbusun azad edilməsi məsələsini Azərbaycan hökumətinin qarşısında qaldırmağa və 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına sponsorluqdan imtina etməyə çağırırıq”.