Səfir vətəndaş cəmiyyəti və medianın sərbəst fəaliyyətinə ehtiyac olduğunu da vurğulayıb
Böyük Britaniya COP29-un uğurla baş tutması üçün Azərbaycana dəstək verəcəyini bildirib.
Bunu iyunun 12-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.
Diplomat Azərbaycanın təmiz enerji istehsalı üçün resurslara malik olduğunu və bu istiqamətdə Bakı ilə əlaqələrinə toxunub:
“BP Cəbrayılda bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirərək strateji əməkdaşlığı gücləndirir”.
Səfir bir sıra rayonlarda layihələrinin olduğunu da vurğulayıb:
“Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin qədim hissəsidir. Onun istehsal etdiyi ərzaq Azərbaycanın böyük sərvətlərindən biridir. İstehsalı davam etdirmək üçün kənd təsərrüfatı dəyişən iqlimin qaçılmaz təsirlərinə uyğunlaşmalıdır. Mən çox şadam ki, Lənkəran, Lerik, Masallı və Astarada sahibkarlar və gənc fermerlərlə işləyən layihəmiz var. Bu layihə iqlimə davamlı kənd təsərrüfatını təmin etmək üçün müasir texnika və texnologiyalardan istifadə edir”.
O ümid edib ki, həm Azərbaycan, həm də Ermənistan COP29-dan əvvəl davamlı sülh sazişinə nail olmaq üçün əlindən gələni etməyə davam edə bilərlər.
Səfir həmçinin COP29-da vətəndaş cəmiyyəti və medianın da sərbəst fəaliyyətinə ehtiyac olduğunu vurğulayıb:
“Biz Azərbaycana COP29-u böyük nailiyyətə çevirmək üçün əlimizdən gələni edəcəyik. Lakin hökumətlər hekayənin yalnız bir hissəsidir; özəl bizneslərə yeniliklər etmək və universitetlərə öz biliklərindən istifadə etmək imkanı verməklə, vətəndaş cəmiyyətinin sərbəst işləməsinə, media və sənətkarların faktlar və hekayələr üzərində çalışmasına şərait yaratmaqla”.