”Mədən Sənayesində Şəffalıq Təşəbbüsü (EITI) İdarə Heyətinin Azərbaycanla bağlı qəbul etdiyi son qərarından doğan nəticələr, siyasi azadlıqların durumu, siyasi məhbus problemi də əsas müzakirə mövzularından olub”
Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink noyabrın 22-də müxalifət partiyalarının təmsilçiləri və Sivil Toplum Platformasının (STP) üzvləri ilə görüşüb.
Görüş barədə Meydan TV-yə açıqlama verən AXCP sədri Əli Kərimli bildirib ki, bu, ənənəvi görüşlərdən biri idi. Bir qayda olaraq ABŞ Administrasiyasından yüksək səviyyəli qonaqlar gələndə onlarla hökumətlə görüşdükləri kimi müxalifət liderləriylə də göğrüşürlər: “Biz Azərbaycandakı vəziyyəti və iki dövlət arasındakı münasibətləri müzakirə etdik. Xüsusilə də keçid administrasiyasıyla bağlı durumu, bölgədə durumu müzakirə edib öz narahatlığımızı bölüşdük. Bridcet Brink dəfələrlə Bakıda olub və ölkədəki vəziyyəti bilir, bizi də başa düşür, yeni adam deyil. Amma iki aydan sonra administrasiya dəyişəcək”.
REAL sədrinin müavini Natiq Cəfərli ABŞ rəsmisilə görüşdə həbsdə olan İlqar Məmmədovla bağlı müzakirələrin olduğunu dedi: “Belə başa düşdüm ki, Bridcet Brink İlqar Məmmədovun məsələsini hakimiyyətin ən üst səviyyəsində müzakirə edib”.
Görüşdə iştirak edən STP üzvlərindən Akif Qurbanovun bildirdiyinə görə, Bridcet Brinklə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 26-da keçirilmiş referendumun nəticələri və gözləntilər, vətəndaş cəmiyyətinin hüquqi və praktik durumu əsas müzakirə mövzusu olub: “Mədən Sənayesində Şəffalıq Təşəbbüsü (EITI) İdarə Heyətinin Azərbaycanla bağlı qəbul etdiyi son qərarından doğan nəticələr, siyasi azadlıqların durumu, siyasi məhbus problemi də əsas müzakirə mövzularından olub”.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini noyabrın 22-də prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.
Xanım Bridcet Brink noyabrın 21-dən 22-nə keçən gecə Azərbaycana gəlib.