“Bravo”dakı silahlı basqına görə həbs olunan şəxs təqsirsiz olduğunu deyir

“Bravo”

Onun 10 gündən çox “bandotdel”də saxlandığı bildirilir

Martın 4-də Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinin girişində inkassatora silahlı hücumla əlaqədar həbs olunanlardan biri – Azər Məmmədov təqsirsiz olduğunu deyir. Bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla qəsdən adam öldürmə və başqa cinayətlərdə iştirakçılıqda təqsirləndirilən Azər Məmmədov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, onun haqqında çıxarılmış həbs qərarından apelyasiya şikayəti verilib. Azər Məmmədov şikayətinə baxılarkən məhkəmədə də bildirib ki, “Bravo”dakı silahlı hücuma aidiyyəti yoxdur, ona qarşı irəli sürülmüş ittihamlar əsassızdır. Azər Məmmədov ona böhtan atıldığını vurğulayıb.

Lakin Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib – Azər Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməsi haqda qərar qüvvədə saxlanılıb.

Azər Məmmədovun martın 5-də tutulduğu, barəsində həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, uzun müddət istintaq təcridxanasına köçürülmədiyi, on gündən artıq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) saxlandığı bildirilir.

Bakı İstintaq Təcridxanasındakı mənbə də Meydan TV-yə təsdiqləyib ki, Azər Məmmədov təcridxanaya martın 17-də köçürülüb.

Martın 4-də Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinin girişində inkassatora silahlı hücumla əlaqədar üç nəfər həbs olunub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Hüquq-mühafizə orqanları həbs olunan üç nəfərin kimliyini də açıqlayıb. Bunlar Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovdur.

Həbs olunanlardan Dəyanət Qüdrətova 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), həmçinin əlavə olaraq, bu cinayətlərə cəhd maddələrilə ittihamlar irəli sürülüb. Çünki silahlı hücum nəticəsində bir nəfər – Rüfət Həşimov qətlə yetirilib, daha biri – Samir Şeydayev isə yaralanıb.

Digər iki nəfərə isə cinayətlərdə iştirakçılıqla bağlı ittihamlar irəli sürülüb.

Bu cinayətdə təqsirləndirilən daha bir nəfər – Ruhlan İsmayılov isə elə hadisə günü axşam saat 21.00 radələrində Fəvvarələr meydanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Baş Prokurorluq və DİN-in məlumatında iddia olunur ki, Ruhlan İsmayılov onun yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 dollar pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb”, – rəsmi məlumatda belə yazılıb.

Ana səhifəSosial“Bravo”dakı silahlı basqına görə həbs olunan şəxs təqsirsiz olduğunu deyir