Lisa Misol: “Çox tezliklə hökumətə fəallara qarşı təzyiqin dərhal dayandırması barədə açıq mesaj göndərməsələr, Azərbaycanda müstəqil qrup qalmayacaq”
BP qətiyyətlə Azərbaycan hökumətinin müstəqil qruplara və fəllara qarşı sərt hücumlarının dayandırılmasını tələb etməlidir. Bu barədə “Human Rights Watch” hüquq müdafiə təşkilatının Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirak edən Britaniyanın böyük neft şirkəti BP-yə ünvanladığı bəyanatda deyilir.
“Human Rights Watch” qeyd edir ki, Azərbaycanda vətəndaş cəmiyyətinə hücumlar BP-nin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (Extractive Industries Transparency Initiative – EITI) lideri kimi roluna kölgə salıb. Qurum bu ilin sentyabrın 20-də BP-nin Azərbaycan hökuməti ilə birlikdə Azərbaycan qazını Avropaya nəql edəcək qaz kəməri layihəsinin rəsmi təməlqoyma mərasimində iştirak etdiyini xatırladır.
“BP-nin şəffaflıq uğrunda qlobal koalisiyadakı liderliyi, onu həm də təşəbbüsün əsas prinsiplərindən olan vətəndaş cəmiyyətinin iştirakı prinsipinə əməl edilməsi üçün məsul edir. BP Azərbaycan hökumətinə, onun müstəqil səslər üzərinə hücumunun dayandırılması üçün təzyiq göstərməlidir”, deyə “Human Rights Watch” təşkilatının biznes və insan haqları üzrə tədqiqatçısı Lisa Misol qeyd edib.
Müraciətdə həmçinin qeyd edilir ki, Azərbaycan özünün təşəbbüsdəki iştirakını tez-tez qabartmağı xoşlayır, təşəbbüsün təsisçi üzvlərindəndir və hazırda “öhdəliklərinə əməl edən ölkə” statusunda EİTİ-nin beynəlxalq şurasında oturur.
Azad və fəal vətəndaş cəmiyyətinin iştirakı EİTİ-nin təməl daşıdır. Buna görə təşəbbüsə namizədlik və üzvlük ölkələrdən təməl insan haqlarına hörmət edilməsini birmənalı qaydada tələb edir. “Lakin hazırda Azərbaycan, QHT-lərin fəaliyyətini tənzimləmək üçün məhdudlaşdırıcı yeni qanunlardan və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsnün iştirakçısı olan qruplar da daxil olmaqla, müstəqil qrupların susdurulması üçün başqa taktikalardan istifadə edir. Hökumət təşkilatların bank hesablarını dondurmaqla bu qrupların maliyyələşdirilməsinə blok qoyur, onların liderlərinin yeni qrantlarının qeydiyyatından əsassız və özbaşına qaydada imtina edir”.
BP şirkətinə 12 sentyabr tarixli məktubunda “Human Rights Watch” təşkilatı, şirkəti Azərbaycandakı məhdudlaşdırmalarla bağlı narahatlıq bildirməyə və Azərbaycan hökuməti siyasi fəlların və müstəqil qrupların hədəflənməsini dayandıranadək, onun təşəbbüs qrupunun üzvlüyündən xaric edilməsi təkliflərini dəstəkləməyə çağırıb.