Bu rübün sonuna kimi 422 əməkdaşı işini itirəcək
“BP-Azerbaijan” bu rübün sonuna kimi 422 əməkdaşı ixtisar edəcək. Bu barədə “Turan”a şirkətin törəməsindəki məlumatlı mənbə bildirib.
İndiyəcən 255 əməkdaş ixtisar olunub. Bunun 105-i Azərbaycan vətəndaşıdır.
Mənbə bildirib ki, “BP-Azerbaijan” təkcə ofis işçilərini ixtisar etmir. 100 nəfər hasilat və nəqliyyatda işləyir.
“Bunlar niyə ixtisar olunur” sualına cavab olaraq bildirilib ki, «İşçilərin sayı neftin barrelinin 50-60 dollar səviyyəsində sərf etmir».
“Turan” İnformasiya Agentliyi həmçinin müəyyən edib ki, “BP-Azerbaijan” ötən il “Şahdəniz-2”nin genişləndirilməsi ilə bağlı 2015-ci ildə 110 yeni işçi götürməyi planlaşdırıbmış. Amma bu, təxirə salınıb. Şirkət “Landmark” biznes mərkəzində iki mərtəbəni də boşaldıb. “BP-Azerbaijan” baş ofisinin yerləşdiyi “PortBaku” Biznes Mərkəzində də bir mərtəbədən imtina edib.
2014-cü ilin dekabrında BP Groupun rəhbəri Robert Dadli bildirmişdi ki, neftin ucuzlaşması ilə bağlı dünyanın bir çox yerlərində ixtisarlar olacaq. Bu yaxınlarda ВР bəyan edib ki, cari ildə əməkdaşların maaş artımını donduracaq.