Günter Qrassın mək
t
əblilər üçün mühazirəsi
Bunu anlamaq ona gətirib çıxardı ki, mən yazıçı olduğum halda, dəfələrlə öz yazı otağımı tərk edərək, bir vətəndaş kimi ölkədə baş verən işlərə qarışmalı oldum. Çünki vətəndaş olmaq, ilk növbədə susmamaqdır, sözün həqiqi mənasında həddi-buluğa çatmaq bax, budur!
Əziz məktəbli oğlanlar və qızlar!
Hörmətli xanımlar və cənablar!
Mənim qısa və ümid edirəm ki, aydın nitqim “Böyümək – həddi-buluğa çatmaq” adlanır. «Həddi-buluğa çatmış kəs» – gözəl və qədim alman sözüdür (qeyd: alman dilindəki “mündig” sözünün başqa bir mənası: “fikrini ifadə etməyə qadir olan”). Mənası: məsuliyyətli olmaq, yəni susmamaqdır. Mən nə vaxtsa bu zaldakı məktəbli oğlan və qızlar yaşda olanda, müharibə gedirdi. Biz, ideoloji təsir və nasional-sosializmin nəzarəti altında böyüyən nəsil, yaşıdlarımın çoxunu məhvə aparan kor tabeçiliyə öyrəşərək, böyüyürdük.
Yalnız müharibədən sonrakı zamanlarda, on səkkiz-on doqquz yaşım olanda, mən böyük çətinliklərlə nə baş verdiyini anlamağa, özümə suallar verərək, etiraz eləməyə başladım. Beləliklə, keçmiş səhvlərimi düzəldə-düzəldə mən böyüyür, doğrudan da, həddi-buluğa çatırdım. Siyasi bərpa zamanında, yəni 1950 və 1960-cı illərdə, Adenaurun zamanında özümün “hə” və “yox”larımı sınaqdan keçirərək, müqavimət göstərməyə kifayət qədər imkan tapdım.
Siz isə “həddi-buluq yaşına çatmış vətəndaş” sözünün ümumi ifadəyə çevrildiyi bir zamanda böyüyürsünüz. Bir bayram günü yoxdur ki, orda deyilən nitqlərdə bi ifadə yer almasın. Amma bir halda ki, mənə sizin qarşınızda qeyri-iş günü çıxış eləmək xoşbəxtliyi nəsib olub, yoxlayıb görmək lazımdır ki, o, yəni vətəndaş, özünün appelyasiya elədiyi “demokratik cəmiyyət quruluşu” çat versə, ağzını açıb, etiraz eləməyə hazırdırmı?
Bu il Almaniya Federativ Respublikasını xeyli təntənələr gözləyir (Qeyd: söhbət Berlin divarının yıxılmasının 20 illiyindən gedir). Siyasətçilər bir-birini elə təbrik edir ki, sanki bu ümumalman xalturasını – bu divarı iyirmi il əvvəl onlar uçurublar. Eyni zamanda, biz Əsas Qanunun altmış illiyini qeyd edirik. Dildən pərgarlar bizə bütün bunları elə təqdim edir ki, adam demokratiyanın əsaslarını təşkil edən sütünların illər ötdükcə zədələnməyindən qorxur. Məsələn, o qanunun ən qiymətli daşı – siyasi sığınacaqla bağlı paraqrafı beləcə eybərcərləşdirildi. O vaxtdan bəri ölkəmizdən siyasi sığınacaq istəyənlərin burdan qovulması adi hal alıb. Ailələri belə ayri salırlar. Alman dilində “onları ölkəmizdən qovmaq yolu ilə təmizləmə aparmaq” ifadəsi bizim üçün utancdır!
Mən nitqimdə bu misalları ona görə gətirirəm ki, demokratiyanın necə zərif, kövrək bir şey olduğunu göstərim. Demokratiyanın həddi-buluğa çatmış, böyümüş vətəndaşlara ehtiyacı var. Bu vətəndaşlar demokratiyanın mövcudluğunu qoruyub-saxlamalıdırlar. Demokratiya o qədər də möhkəm bir şey deyil. Biz bunu indi, sonsuz maksimizasiyanın neoliberal ideologiyasinin öz kollapsını yaşadığı, milyonlarla iş yerini yoxa çıxardığı bir dövrdə hiss edirik. Işləyənlərin yaratdığı kapital heçə çevrilir. Dünən-srağagün dövləti iqtisadi hakimiyyətdən məhrum görmək istəyənlər bu gün dövləti köməyə çağırırlar. Və hələ uzun müddət acgöz menecerləri nəhəng kompensasiyalarla yemləməyə davam edəcəklər ki, onlar öz məzlum vəziyyətlərindən yüksək dərəcədə həzz ala bilsinlər.
Bütün bunlar çox pisdir, amma ümumi susqunluq daha da pisdir. Ümumi susqunluğun nəticələri daha da pisdir. Bütün bunlara qarşı olan qəzəb sanki alışdı və tez də söndü. Qəzetlərdəki şərhçilər köks ötürürlər; “Ah, kaş bizim də Obamamız olaydı!” Amma bizdə Obama yoxdur. Və mən onun olmasını heç istəməzdim də. Demokratiyanın qorunması, ciddi təminatı üçün federal parlamenti zəbt edən istənilən lobbistin antikonstutision axtarışlarına son qoyacaq, həddi-buluğa çatmış vətəndaşlara ehtiyacı var. Demokratiyanın nəhayət ki, konstitusiyaya əsasən dövlətin suverenliyinin özləri olduğuna əmin olan vətəndaşlara ehtiyacı var. bu vətəndaşlar hamıdan əvvəl gənc nəsildi, çünki söhbət məhz onların gələcəyindən gedir.
Mən öz təcrübəmə əsaslanaraq, sizə üz tuturam. Gəncliyimdən bu yana mən dəfələrlə özümə bu sualı vermişəm və verməkdə davam edirəm: Veymar Respublikasının dağılmağına zəmin yaradan nə oldu? Biz bir çox səbəbləri sadalaya bilərik. Əminəm ki, siz də uzun saatlarınızı həsr edib, bu nəhəng materialı öyrənmisiniz. Veymar Respublikasını bir sistem kimi nasistlərlə kommunistlər eyni ehtirasla rədd edirdilər. Hər iki xristian kilsəsi demək olar ki, müqavimətsiz təslim oldu. Nəhəng sənaye Hitlerin sərəncamında idi. Demokratik partiyalardan nəticədə az-çox müqavimət göstərəni ancaq Sosial-Demokratlar və Mərkəzi Partiya idi.
Hitlerin hakimiyyətə verilməli fövqaladə imtiyazlar barədə qanunu səsverməyə qoyulanda, Mərkəzi Partiya da öz dəyərlərinə xəyanət elədi, Sosial-Demokratların qanunun əleyhinə səsləri çatmadı. Amma ən ciddi məsələ bu idi ki, Veymar Respublikasında demokratiya adlı, təhlükə atında olan bu kövrək binanı öz himayəsinə alacaq kifayət qədər vətəndaş yox idi. Bunu anlamaq ona gətirib çıxardı ki, mən yazıçı olduğum halda, dəfələrlə öz yazı otağımı tərk edərək, bir vətəndaş kimi ölkədə baş verən işlərə qarışmalı oldum. Çünki vətəndaş olmaq, ilk növbədə susmamaqdır, sözün həqiqi mənasında həddi-buluğa çatmaq bax, budur!
Mən sizə bundan daha yaxşı heç nə məsləhət görə bilmərəm. Aranızda ən böyük olanlarınız tezliklə məktəbi bitirib, abituriyent olacaqsınız. Məktəb – qorunan bir məkandır. Məktəbdən kənardakı mühit daha sərtdir. Üzünüzə əsən küləyə hazır olmalısınız. Və hər şey bundan aslılı olacaq: siz üzünüzə əsən küləyə qarşı belə susmamalı, küləyə belə “hə” ya “yox” deməyi bacarmalı, bu “hə” və “yox”larınızı əsaslandırmalısınız.
Berlin, Almaniya, 2009-cu il
G. Qrassın Paul Natorp adına Gimnaziyanın 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışından ixtisarla…