Böyük Tətil

İnsanlarsız dünyada yaşamaq…

Source:


Bu həyata gələrkən, heç kim bizə söz verməyib ki, “yaşayacağımız bu dünya – ideal və problemsiz olacaq”. Bəli, insan həmişə yaxşı yaşayamaq istəyir, xoşbəxtliyə can atır. Hətta intihar etmək istəyəndə də məqsəd eyni olur. Pis yaşayışdan çıxmaq, daha yaxşı şəraitə meyllənmək. Bu insanların yaşama motividir. İnsan yarandığı vaxtdan problemlər olub. Az qala “insan” sözü, “problem” sözünün sinoniminə çevirilib. Yəni insan varsa, demək ki, problem də olmalıdır. Bu da, olduqca təbii haldır. Sadəcə, bu təbii halı hamı olduğu kimi qəbul edə bilmir.

İnsan mürəkkəb varlıqdır. Onun mürəkkəbliyinə ən böyük dəlalət Yer üzündəki aramsız müharibələr və boşanmalardır. Kökündə intriqa olan həmin məsələləri müzakirə etməyəcəyik. İnsanın nəfsi var, hansı ki, davamlı olaraq onu mənfi şeylərə yönəldir. İnsanın içində yüzlərlə dünya var. Onu mürəkkəb edən də elə budur.

Bəzən başqalarından “kaş insanlar olmayaydı” diləyini eşidirəm. Səbəb kimi onların mənfi xüsusiyyətlərini sadalayırlar: qəddarlıq, xainlik, aravuranlıq, vicdansızlıq və s. Son dəfə bu ifadəni bir qız dostumdan eşitdim. Həyatdan, insanlardan bezikmiş halda, ağlaya-ağlaya həmin sözləri təkrarlayırdı. Əsəbləri zəifləmişdi. Ona dedim ki, “təsəvvür et ki, səhər oyanmısan və bütün dünyadakı insanlar sən istədiyin kimi yox olublar, necə olarsan, heç darıxmazsan?” Cavab verdi ki, əla olaram, vecimə olmaz. Əslində bilirdim ki, o, bunu istəməz. Sadəcə, yorulub. Amma gör insanı hansı həddə çatdırırlar ki, bəşəriyyətin yox olmasını istəyir.

ABŞ yazıçısı Rey Bredberinin xoşladığım “Məzuniyyət”(“The holiday”) hekayəsi elə bu süjeti ilə fərqlənir. Fantastik janrda olan hekayə bir çoxlarının tez-tez dilinə gətirdiyi “Kaş insanlar yox olaydı” arzusunu reallığa çeviriləndən sonrakı acı dönəmini göstərməklə oxucuya xeyli mesajlar ötürür.

Təsəvvür edin, ancaq bir ailə Yer kürəsinin yeganə insanları olaraq həyat sürürlər. Ata, ana və balaca oğlan övladlarından başqa dünyada bütün insanlar yox olublar. Bir axşamçağı eyvanda oturan ərlə, onun həyat yoldaşı qadın insanların yox olması haqqında fikir mübadiləsi aparırlar. Qadın yoldaşına sual verir ki, “Əgər indi insanları yox edəcək düymə olsaydı, onu basardın?” Kişi cavab verir ki, “yəqin ki, basardım. Amma zorakılıq olmasın. Sadəcə olaraq hamı Yer üzündən yoxa çıxsın. Torpaq və dəniz, bitkilərin hamısı- çiçəklər, otlar, meyvə ağacları qalsın. Qoy heyvanlar da qalsın. AC OLMAYANDA YEYƏN, HEÇ KƏS TOXUNMAYANDA BELƏ QƏDDARLIQ GÖSTƏRƏN adamdan BAŞQA, HƏR ŞEY ÖZ YERİNDƏ QALSIN.

Amma biz qalaq. Qarşımızda istədiyimiz qədər vaxt olar. Tarixdə ən böyük MƏZUNİYYƏT. Biz yeməklə dolu zənbilləri götürüb, ən uzun səyahətə çıxarıq. Çox maraqlı olar…”

Yeni aləmin səhəri onların axşamkı arzuları kimi açıldı. Əvvəlcə baş verən hadisəyə inanmadılar. Sonra kişi xanımını götürüb, şəhərin boş və səssiz küçələrində dolaşdı. Əmin olmaq üçün telefon budkasına girib, başqa şəhərlərin nömrələrini yığdılar. Sükut. Sükut. Sükut.

Artıq onlar bu dünyanın yeganə sakinləri idilər. Şəhərləri gəzir, adamsız şəhərlərin adamsız məkanlarında dolaşır və qida tələbatlarını ödəmək üçün mağazalara girib, ərzaq ehtiyatlarını təmin edirdilər. Bir müddət sonra sıxılmağa başladılar. Ən çox da övladları uşaqlığını təkcə keçirdiyinə görə, oynamağa başqa uşaq tapmadığına görə çox məyus idi.

O, buna görə valideynləri ilə mübahisə edirdi.Tənhalıqdan ürəkləri partlamaq üzrə idi. Bir gün qadın kişiyə dedi ki, “Əgər axşam yatıb səhər hər şeyin yerinə qayıtdığını görsəydik, çox yaxşı olardı. Hər cür uyğunsuzluq, səs-küy, nifrət, bütün dəhşətlər, acınacaqlı vəziyyət, pis adamlar və bütün hərc-mərcliklər, alçaq niyyətlər, bütün ümidlər, arzular, məhəbbət qayıdaydı. Çox yaxşı olardı. Elə deyilmi?”

Əsəri oxuyanda çox əziyyət çəkdim. Həmin ailənin tənhalıqdan çəkdiyi iztirablar qəlbimi körüklədi. Özümü onların yerinə qoydum. Hətta təsəvvürüm belə ruhumu sarsıtdı. Bəşəriyyətin var oluşuna görə Tanrıya təşəkkür elədim. “Nə yaxşı insanlar var” dedim. Səhər həyətə çıxanda yanımızdakı parka getdim. İnsanların arasında olmaqdan çox xoşbəxt oldum. Onların davranışlarını, üz ifadələrini və hətta xoşagəlməz hərəkətlərini diqqətlə müşahidə etdim. “Məzuniyyət” hekayəsindəki vəziyyəti arzu edənlərə təəssüf edirəm.

Həyat bir o qədər də çətin deyil. Həyatı çətinləşdirən insanlar var. Kimsə qəzəbindən, kimsə kompleksindən, bir başqası isə cahilliyindən edir bunu. O cür insanlardan olmamaqdan ötrü əvvəlcə reallığı dərk etməliyik ki, insan mürəkkəb varlıqdır. Həmin mürəkkəbliyi müəyyən qədər sadələşdirməkdən ötrü – oxumaq və bilgilənməyimiz labüddür. Həyat həm də mübarizə meydanıdır axı. Gərək mənfiliklərə qarşı mübariz olaq. Mübarizə- insanlıq missiyamızdır. Nə yaxşı insanlar var!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərBöyük Tətil