Nazlı Ağayeva

Mənbə: meydan tv

Başlıq: Nazlı Ağayeva

Böyük siyasətin ibtidai hesabı

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi daha yaxşı olardı

Heydər Əliyevin sovet Azərbaycanına birinci rəhbərliyi bizim uşaqlıq illərimizə düşmüşdü. Gələndə doqquz yaşında idim, gedəndə iyirmi iki yaşım vardı. Uşaq və gənclik xatirələrimdə ən çox yer eləyən Moskvadan alınan bayraqlardı.

...Və o bayraqların sayı artdıqca, ölkədə istehsal azalırdı. Məsələn, tonlarla südə imza ataraq Moskvaya qurultaya gedən qabaqcıl sağıcı ordan hədiyyə olaraq bir “korobka” yağ gətirib qohum-əqrabaya paylayırdı. Digər sahələrdə də eyni süni nailiyyətlər... O zamanlar bu gerçəkləri anlamaq yasaq olsa da, dövrün lətifələri yaranıb ağızdan-ağıza yayılırdı. Bakıda oxuyan tələbə qardaşım tətilə gələndə atamla gecənin yarısına qədər bu mövzuda danışardılar. Tarlada-fermada yorğun düşən anamgil yatdıqları zaman mən onlara yerimin içində qulaq asırdım. Uşaq fəhmimlə bu söhbətlərin auditoriya üçün olmadığını şüurum kəsirdi. Hətta içində nəsə yumor olduğunu da.

“Mal-qaranın örüşü bütünlüklə şərabçılığın inkişafına peşkeş edilən vaxtlarda üzümlüklərə səyahətə çıxan Heydər Əliyev əhali ilə görüşür. Nəyə ehtiyacları olduğunu soruşur. Yaşlı bir kişi Bakıya çatan kimi ona beş-altı kilo yağ və ət göndərməsini xahiş edir. Heydər Əliyev özünəməxsus qalib tərzdə ağsaqqalın cavabını verir ki, adətən belə məhsulları kənddən şəhərə göndərərlər. İndi siz mənə verməkdənsə, məndən istəyirsiniz. Ağsaqqal qayıdır ki, bəs yoldaş katib, ətrafda bir metr otlaq qalmayıb. Heyvan “QAİ” i (indinin DYP-si) işçisi deyil ki, asfalta buraxasan, özünü tutub ətə-qana gələ”.

Mənim bildiyim real lətifə də vardı.

Yaxın qohumumuz öynəarası arvadından çay istəyərdi. Arvad yazıq da işin-gücün arasından macal tapmayıb kişini yol verərdi ki, bir azdan onsuz da süfrəyə oturasıyıq, onda içərik. Kişi eləmə tənbəllik, arvada bir gün deyəsən ki, bəs ay arvad, briqadir dedi ki, Səbirəyə tapşır, bir yaxşı çay qoysun. Mürəbbəsi də yanında. Odla-suyun arasında hər şey hazır olur. Günlərin bir gecəsi Səbirə bacının dördüncü uşağa sancısı tutur. “Ay allah, ölürəm” deyə-deyə kişini oyadanda adam qayıdır ki, xeyir ola, ay Səbirə, çayı briqadirin sifarişi ilə qoyursan, canın ağrayanda məni çağırırsan? Bu evdə kimin sözü keçirsə, mamaçanı da o gətirsin.

O zaman o lətifəni atamgilə danışmağa çəkindim. Həm də gecənin o aləmində hələ yatmadığımı bilsələr lətifənin bir effekti qalmayacaqdı.

Mənasını çox da anlamadığım o söhbətlər Azərbaycan Respublikasının birinci katibi vəzifəsini daşıyan rəhbərdən inciməyimə səbəb olmuşdu. Düşünürdüm, iclaslarda xalqa gözəl-gözəl xitab edən adam niyə belə edir axı? O bayraqların altında əzilən ailəmizin kiçik fərdi olaraq, bu, məni yaman incidirdi. Səhər ala-toranda oyana bilməz deyə anam çox zaman yerinə girmədən yastıqda söykənib gözünün acısını alardı. Çünki fermadan inəyimizi sağmaq üçün qaçaraq evə gəlib vaxtında tarlaya getməsə, briqadir Məhəmməd kişi qışqıra-qışqıra qapımızda “bitirdi”. Və anam söz olmasın deyə ailəsini qoruyub canını səxavətlə kolxoza xərcləyirdi. Yalnız anam deyil, kəndimizin digər cəfakeş qadınları da eyni taleyi yaşayırdılar. Və onların bütün çabaları hesabına yuxarının standartlarına uyğun mandatlı bir əmək qəhrəmanı düzəldirdilər. Sonra da xarici mallarla dolu “raypo” deyilən ünvandan əyin-başını düzədib rayonumuzu təmsil etmək üçün mötəbər iclaslara göndərirdilər. Üstlərinə böyük şəhərlərin ətirli ab-havası çökmüş həmin nümayəndələr artıq başqa birilərinə çevrilirdilər. Bəzi istisnalar yuvasından perik düşmüş qərib quşa bənzəyirdilər. Qalan çoxluq isə indiki məmurlar kimi qoynundan çıxdıqları köynəyi istənilən anda parçalamaq dərəcəsində harınlaşırdı.

Bütün bu yaşananlarda sovet üsul-idarəsinin haqqını yeməmək üçün bir faktı da deməyə məcburam. O zaman hər şeyə rəğmən çörək dərdi yoxdu, evsizlik, işsizlik də o cümlədən. Əcaba, dağıtmaq üçünmü o quruluşu o cür tragikomik hala gətirmişdilər?

***

Heydər Əliyevin məşhur qayıdışında qırx üç yaşım vardı. Tərəfdarları Moskvaya irəli çəkilib yüksəlmiş, düşmüş siyasətçini müstəqil Azərbaycanı böhrandan xilas etməyə “gətirdilər”. Yəni, Heydər Əliyev kimi adama “gətirmək” feli yaraşmaz, özü gəlməsə. Ondan sonra keçmişdən qisas almaqdan tutmuş neft müqaviləsinə qədər olanları hamımız bilirik. Bilmədiyimiz olub-olmayanlar tarixin məsələsidir.

Artıq altmış yaşıma sayılı aylar qalıb. Hakimiyyət İlham Əliyevdə, ailənin bütün üzvləri ən yüksək vəzifələrdədir. Azərbaycan yenə böhranda, Qarabağ əvvəlkindən artıq ermənilərdədir. Dərin siyasətlərə girməyə nə ağlım çatır, nə halım var. Sadəcə düşünürəm ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi daha yaxşı olardı. Doğrudur, onda ailəsi bu cür səlahiyyət və sərvət sahibi olmayacaqdı, amma yeri görünən Heydər Əliyev mifinin varisi olacaqdılar. Dünyanın sıradan bir hakim ailəsinə çevrilib məişət müzakirələrinə qədər adiləşməyəcəkdilər.

Heydər Əliyev güclü siyasətçi olaraq bunları hesablamamışdımı görəsən? Böyük siyasətdə belə kiçik dəyərlərə yer olmur yəqin. Əlbəttə, mənim kimi türkəsaya birinin bu mövzuda danışmağı ciddi sayılmaz. Razıyam, amma mən sadəcə ömrümün bu soyadla keçən illərini saydım. İbtidai hesabla otuz yeddi il edir. Yarıdan yeddi il çox. Bunu saymaqdan ötrü peşəkar politoloqluğa ehtiyac yoxdur, vətəndaş olmaq yetir...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rz6zgo

Ən çox baxılan