Azərbaycanlı jurnalist-dokumentalist Laçın Məmişovun “Mühacirlər” layihəsi çərçivəsində növbəti filminin təqdimatı keçirilib. Oktyabrın 8-də İsveçrənin Bern şəhərində baş tutan mərasimdə layihənin ikinci filminin təqdimatı olub.
Meydan TV-nin məlumatına görə, ikihissəli tarixi-sənədli filmin “Kəlbəcər düyünü” adlanan birinci hissəsində əsasən 1993-cu ildə Kəlbəcərin işağı ətrafında baş verən siyasi olaylardan, “Böyük Oyun” adlı ikinci hissəsində isə daha çox Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün yaradılan zəmin və siyasi spekulyasiyalardan bəhs edilir.
Filmin əsas qəhrəmanı Kəlbəcər özünü müdafiə batolyonunun yaradıcısı, hazırda Almanıyada yaşayan siyasi mühacir İlham Həsəndir. Film boyu qəhrəmanın da iştirakçısı və şahidi olduğu hadisələr və bu olayların onun şəxsi, eləcə də ölkənin həyatına göstərdiyi təsirlərdən danışılır.
Təqdimatda isveçrəli qonaqlarla yanaşı burada yaşayan azərbaycanlı siyasi mühacirlər də iştirak ediblər.
Siyasi şərhçi Rauf Mirqədirov hesab edib ki, filmdə siyasi hadisələrin kifayət qədər dərin təhlili aparılıb:
“Bununla son vaxtlar çox az qarşılaşırıq. Bizim jurnalistlər son tarixi hadisələri dərindən təhlil etməyi, onların ağrılı nöqtələrini üzə çıxarmağı ya bacarmır, ya da qorxur. Burda hər halda bu səddi açmaq cəhdi var. İkincisi, yüksək peşəkar səviyyədə çəkilmiş bir filmdir”.
Müəllif Laçın Məmişov üzərində üç ildən artıqdır ki, işlədiyi filmin ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacağını düşünür:
“Qarabağ və onun ətrafındakı rayonlarda xalqımızın başına gətirilən faciələr, ümumilikdə bütün o yaşananlar və o cümlədən Gəncə qiyamı qabaqcadan əlbir olmuş bir dəstənin millətimizə qarşı törətdiyi cinayətdi. Necə ola bilir Tomas De Wall Azərbaycan haqqında “Qarabağ” kitabını yazır, amerikan Tomas Goltz “Qarabağ gündəliyi” kitabını yazır, amma həmin hadisələrin iştirakçısı olmuş siyasətçilərin heç biri bu vaxta kimi bir kəlmə də olsun açıqlama verib, aydınlıq gətirmək istəmirlər? Hamısı susur. İştirakın özü də məsuliyyət yaradır və bu məsuliyyəti dərk etdikləri üçün mövzu ətrafında, ümumiyyətlə, danışmaq və şərh etmək istəmirlər. Filmdə də müəyyən qədər bu məsələlərə aydınlıq gətirməyə çalışdım”.
Müsavat Partiyasının fəal üzvlərindən biri olan Hacı Hacılı isə filmin birinci hissəsinin Qarabağ müharibəsi haqqında real mənzərə yaratdığını deyir:
“Hadisələrə bir ekskursiya oldu. Sanki dünən yaşanılmış kimi göstərildi. İkincisi, filmdə çalışılıb ki, səbəb-nəticə əlaqələri ortaya qoyulsun və müəyyən qədər buna nail olunub”.
Filmdə ümumilikdə 1988-ci ildən başlayan xalq hərəkatı, 20 yanvar faciəsi, Qarakənd terroru və ən nəhayət, Qarabağ müharibəsi, Kəlbəcər və Laçının işğalının ardınca Gəncədə baş verən qiyam və hakimiyyətin Heydər Əliyevə ötürülməsindən söhbət açılır. İkihissəli filmin ümumi xronometrajı 171 dəqiqədir. Müəllif filmin bu ilin sonuna kimi yayımlanacağını bildirib.