Böyük Moğol İmperiyasının birinci şəxsi ola bilmiş birinci ledi

Source:

Mehr-un-Nisə: Böyük Moğol İmperiyasının dördüncü imperatorunun 20-ci – sonuncu arvadı. Sultan Cahangir (“dünyanı fəth edən” – fars.) onun qəlbini fəth etmiş bu qadına Nurcahan (“dünyanın işığı”) adını vermiş və öz hakimiyyət ortağına çevirmişdi. Bu, moğolların imperiya tarixində qadına tanınmış ilk (və son) belə şans idi.

Əsası 16-cı əsrin əvvəlində, Əndicanın (Özbəkistan) keçmiş valisi, Teymurləng nəslinin nümayəndəsi Babur tərəfindən qoyulmuş Böyük Moğol İmperiyası ilk dövrlərdə Şimali Hindistanı əhatə etmiş, sonrakı illərdə Baburun nəvəsi (Cahangirin atası) Əkbər şah imperiyanın ərazisini 3 dəfəyə qədər böyütmüş və paytaxt Aqranı ədəbiyyat və incəsənət mərkəzinə çevirmişdi. Şahzadə Səlim (sultan Cahangir) taxta çıxanda ölkə inkişafın pik həddindəydi, sözün əsl mənasında qızıl və ləl-cəvahirat içində “üzürdü” – dünyadakı qızıl və gümüşün böyük qismini Hindistan idxal edirdi. O illərdə var-dövlət və əyləncə kult halına gəlmişdi – saray əyanları və onlardan nümunə götürən varlı təbəqə nümayəndələri içi və çölü şit göstərməçiliklə bəzədilmiş böyük və dəbdəbəli saraylar tikdirir, bahalı və nadir təamlarla qidalanır, çoxlu alkoqol və narkotik qəbul edirdilər. Bəzi tarixçilər Cahangirin bütün moqol hökmdarlarından daha çox içki düşgünü olduğunu yazırlar.

Hərçənd gündəliyindən (“Cahangirnamə”) məlum olur ki, əslində, sultanın maraq dairəsi xeyli geniş olub; durnaların çoxalma özəllikləriylə maraqlanmaqdan tutmuş, ərintilərin meteroit dəmirinin qatışığıyla hazırlanması, coğrafi adların mənşəyinin öyrənilməsi və qırıqların müalicəsində bitumdan istifadə edilməsinə qədər elmin bir çox sahələrinə maraq göstərib. İdarəçiliklə bağlı orijinal ideyaları olsa da, zəmanəsinə xas ənənlərdən kənara çıxa bilməyib. Məsələn, əhali şikayətlərini ona çatdıra bilsin deyə Camna çayının sahilindən öz qalasına qədər zınqırovlu qızıl zəncir çəkdirsə də, çox vaxt məsələləri bahalı hədiyyələr müqabilində həll etdiyi deyilir.

Cahangirin dövründə (1605-1627) Böyük Britaniya səfirliyinin keşişi olmuş Eduard Terri “Şərqi Hindistana səyahət” əsərində onu “bəzən çox ədalətli və yumşaq, bəzənsə son dərəcə qəddar” biri kimi xarakterizə edib. Məsələn, çox sərxoş olduğu əyləncə gecələrinin birində xidmətçilərini onunla içməyə məcbur etmiş Cahangir səhər buna görə onları qamçıyla möhkəm döyübmüş.

****

1577-ci ildə Əkbər şahın baş vəziri Qiyasəddin Məhəmməd xanın qızı olaraq dünyaya gələn Mehr-un-Nisə təhsilli qızıydı, ərəb və fars dillərini bilirdi, ədəbiyyat, incəsənət, musiqi və rəqs dərsləri almışdı. 17 yaşı olanda onu Bihar vilayətinin milliyətcə fars olan valisi Şər Əfqan xana ərə vermişdilər. Əfqan xan əvvəlcə səfəvi şahı II İsmayıla xidmət etmiş, sonra moğol ordusuna yazılıb Əkbər şahın təbəəliyinə keçmiş, hərbi səfərlərin birində şahzadə Səlimi pələngin cəngindən xilas etdiyinə görə şah onu vəzirin qızıyla evləndirmişdi. Bəzi mənbələrdə qeyd edilir ki, Səlim Mehr-un-nisəyə rast gəlib ilk baxışdan ona aşiq olanda Şər Əfqan xan hələ sağıymış.

Həmin hadisədən iki il sonra Əkbər şah (1605) ölür, şahzadə Səlim taxta çıxır, daha iki il sonra isə Əfqan xan dövlət əleyhinə fəaliyyətdə bulunub Benqal valisini öldürür və xəyanətdə suçlanaraq özü də öldürülür. Mehr-un-Nisənin vəzir qızı olması onu və qızını cəzadan xilas edir. Onlara saray xanımları statusu verib Əkbər şahın dul arvadı Ruqayə sultanın yanına təyin edirlər. O, hərəmin ən yaşlı və ən nüfuzlu xanımıydı, Nurcahanı və qızını öldürülmüş valinin qisasını almaq istəyənlərdən qoruya biləcək ən etibarlı şəxs idi.

1611-ci ildə sultan Ruqayə ilə birlikdə saray bazarında Novruz alış-verişinə çıxan vəzir qızı Cahangirlə ikinci dəfə qarşılaır. Sultan onunla evlənmək istədiyini deyir və bir neçə ay sonra bu izdivac, nəhayət ki, baş tutur . 34 yaşlı Mehr-un-Nisə 42 yaşlı Cahangirin ən sevimli arvadı və sonuncu məhəbbəti olacaqdı.

****

Toydan sonra imperator ona Nurcahan adını verir. Çox keçmir ki, güclü, xarizmatik və yaxşı təhsil almış bu qadın ərinin böyük inamını qazanır və imperiyanın ən nüfuzlu qadınına çevrilir.

Bəzi tarixçilər ərindən daha qərarlı və daha təşəbbüskar olan Nurcahanı birinci ledi yox, dövlətin birinci şəxsi hesab edirlər. Nə ona qədər, nə də ondan sonra heç bir hərəm Nurcahana verilən səlahiyyətlərə layiq görülməyib. Moğol imperiyasında adı sikkələrə yazılmış yeganə qadın da Nurcahandır. Doğrudur, Cahangirin oğlu Cahan şah da arvadı Mümtaz Mahalı çox sevmiş, onun şərəfinə Tac-Mahal kimi gözəl sənət abidəsi tikdirmişdi, amma Mümtaz Mahal siyasətə maraq göstərməmiş, dövlət işlərinə qarışmamışdı.



Haşiyə:


Hollandiyalı səyyah Pelaerta Nurcahanın incəsənətə, mədəniyyətə və arxitekturaya ciddi səviyyədə himayədarlıq etdiyini yazır: “O, hər yerdə böyük və bahalı saraylar, bağlar, əyləncə yerləri və səyahətçilər üçün dayanacaq evləri tikdirir. Atasının möhtəşəm məqbərəsi isə Hindistanda ilk dəfə tətbiq edilən texnikayla inşa edilib”. Müasirlərinin xatirələrində Nurcahanın gözəl və praktik sənətlərin bütün növlərinə dəstək verdiyi, hətta şəxsən özünün də bu sahələrdə istedadlı olduğu qeyd edilir. Deyilənə görə, o dövrdə bir çox tekstil növləri, məsələn, gümüş oymalı parça və krujeva onun fantaziyasının məhsulu olub.

Tezliklə dövləti faktiki olaraq Nurcahan və onun qohumları idarə etməyə başlayır. Artıq bir çox vacib məsələlərə sultan yox, onun arvadı qərar verirdi. Cahangirin taxtda olduğu son illərdə Nurcahan onun hakimiyyət ortağı kimi qəbul olunurdu.

Sultanın rəhbərliyilə toplanan Divanda çox vaxt Nurcahan da qatılırdı. Cahangir özünü piss edəndə isə Divana o özü rəhbərlik edirdi. Hakim ailənin ancaq kişi üzvlərinə aid nazirlərlə konsultasiya hüququ Nurcahana da verilmişdi. Hər hansı sənəd və ya qərar ancaq onun razılığı və ya möhürüylə rəsmiləşə bilərdi. Deyilənə görə, çox vaxt hər hansı məsələylə bağlı fikir bildirməzdən əvvəl Cahangir Nurcahana baxıb onun münasibətini anlamağa çalışarmış. Şikayətçiləri qəbul edəndə də arvadı mütləq sultanın yanında olarmış.

Cahangirin böyük sevgisi və inamı sayəsində ən yüksək mərtəbəyə yüksəlmiş Nurcahan həm onun əvvəlki arvadından olan şahzadə Hürrəmi (Cahan şah), həm də Hürrəmin ikinci övladı, babasının sevimlisi Şucunu oğulluğa götürmüşdü (Yeri gəlmişkən, Nurcahan da Cahangiri çox sevirmiş, ölənə qədər ona sadiq qalmışdı).

O, qohumlarını yüksək vəzifələrə yerləşdirmiş, qardaşı Əbuhəsən Asəf xanı baş vəzir təyin etdirmişdi. Bundan başqa, birinci ərindən olan qızı Mihr-un-Nisə bəyimi Cahangirin kiçik oğluna, qardaşı qızı Banu bəyimi (Mümtaz Mahal) isə şahzadə Hürrəmə ərə vermişdi. Bu, Nurcahan və qohumlarının ən azı bir nəsil sonra da hakimiyyətdə təmsil olunması deməkdi.

****

Müasirlərinin dediyinə görə, sultan Cahangirin sevimli zövcəsi fiziki baxımdan da güclü qadın olub. Tez-tez əriylə ova gedən Nurcahanın mahir ovçu olduğu, bir dəfə 6 gülləyə 4 pələng öldürdüyü barədə məlumatlar var.

Həm cəsarətli və riskli, həm də liderlik qabiliyyətlərinə malik Nurcahan əri ölkədə olmayan zamanlarda dövlət sərhədlərinin müdafiəsini də təşkil edib. Bundan başqa, vəliəhdini elan etmədən ölən Cahangirdən sonra onun oğulları Hürrəm və Şəhriyar arasında başlamış hakimiyyət uğrunda müharibədən də Nurcahan mümkün qədər az itkiylə çıxa bilib.

Onun şahzadə Hürrəmlə münasibətləri lap əvvəldən gərgin olub. Analığının sultan Cahangir üzərindəki təsirindən xoşlanmayan Hürrəm Nurcahana və onun ailə üzvlərinə görə həmişə arxa planda qalmağından çox narazıymış. Ona görə də 1622-ci ildə Səfəvi hökmdarı I Şah Abbas Qəndəhərə hücum edəndə Nurcahana inad şəhərin müdafiəsini təşkil etməyib və 45 günlük mühasirədən sonra səfəvilər Qəndəhəri tutublar. Deyilənə görə, Hürrəm həm də ona görə bu səfərdən imtina edibmiş ki, özü paytaxtda olmadığı müddətdə Nurcahanın sultanı zəhərləyib öldürəcəyindən və taxta şahzadə Şəhriyarı (Nucahanın kürəkəni) oturdacağından ehtiyatlanıb.

Həmin il Hürrəm qoşun toplayıb atasına qarşı qiyam qaldırır, 1625-ci ilə qədər davam edən bu qarşıdurma Cahangirin qələbəsilə başa çatır. Amma bu xəyanətinə görə atası Hürrəmi cəzalandırmır və Nurcahanla şahzadənin münasibətləri gərginləşməkdə davam edir.

Bir müddət sonra (1625) Nurcahan saraydakı racputların (etnik qrup) sultana təsirini azaltmaq üçün onların lideri Məhəbbət xanın Benqal əyalətinə təyin edilməsinə və öz gəlirləri haqda məlumat verməsinə nail olur. Bundan qəzəblənən xan racputlardan ibarət dəstə toplayır və Kəşmir səfəri zamanı Cəlam çayı sahilində düşərgə salmış sultan Cahangirə hücum edib onu əsir alır. Nazirləri onun üzərinə hücuma səfərbər edən Nurcahan özü də ərinin köməyinə tələsir, döyüş filinə minib “hadisə yerinə” yollanır. Amma işlər heç də onun planlaşdırdığı kimi getmir – racputlar yeni gələn qüvvələri də məğlub edirlər, bu dəfə Nurcahan özü də əsir düşür.

Hadisələrin inkişafı haqqında məlumatlar fərqlidir – bəzi mənbələrdə yazılır ki, Məhəbbət xanın ordusundakı müsəlman əsgərlərin qiyamı nəticəsində sultan əsirlikdən azad edilir. Başqa mənbələrdə isə Nurcahanın əsirlikdən qaçdığı, qoşun toplayıb yenidən racputların üstünə yeridiyi və Məhəbbət xanı məğlub edərək ərini xilas etdiyi qeyd edilir (Bu variantlardan hansının doğru, hansının yalan olduğunu söyləmək çətindir – birində dinə, digərində şəxsiyyətə pərəstiş elementlərini andıran çalarlar var deyə hər ikisi subyektiv rəylər əsasında formalaşmış ola bilər).

Məhəbbət xan döyüş meydanından salamat qurtula bilir və qaçıb yenə atasına qarşı qiyam qaldırmış (1627) şahzadə Hürrəmə qoşulur. Elə həmin il Cahangir vəfat edir və tezliklə şahzadə qardaşlar arsında hakimiyyət uğrunda qanlı mübarizə başlayır. Hürrəm hələ atasının dövründə taxt-tac davasına görə tutulub kor edilmiş böyük qardaşı Xosrovu öldürüb Şəhriyara qarşı savaş açır. Nurcahan Hürrəmdən iradəcə zəif, yəni idarə edilməyə daha yatqın olan Şəhriyarın tərəfini tutur. İlk dövrlərdə üstünlük qaynana- kürəkən cəbhəsində olsa da, Asəf xan Nurcahana xəyanət edir – o da öz kürəkəninin tərəfini tutur və israr edir ki, bacısı da Hürrəm tərəfə keçsin. Nurcahan cavab baradə düşünməkdəykən Hürrəm Şəhriyara qalib gəlir və onu da öldürür. Beləliklə, Böyük Moğol İmperiyasının sultan Cahangirdən sonrakı imeratoru şahzadə Hürrəm – Cahan şah olur (1628).

Bəs, Nurcahan? 16 il hakimiyyətin zirvəsində qərar tutmuş bu qadın taxtsız qalandan sonra necə yaşayır? O dövrə aid faktlarda onun ruhi vəziyyəti barədə detallar yoxdur, bilə bilmirik hakimiyyətsizlik ona hansı ölçüdə mənəvi əzablar yaşadıb. Amma maddi baxımdan əziyyət çəkmədiyi dəqiqdir: Cahan şah ona illik 2 lak – 200 min rupi gəlir təyin edir, Nurcahan qızıyla birlikdə Lahor şəhərindəki malikansində yaşamağa başlayır, “əlində-ovcunda” bircə iş qalır – 6 il əvvəl başlatdığı layihəyə, atasının Aqradakı məqbərəsinin tikintisinə nəzarət edir.

****

Nurcahan 68 yaşında (1645) vəfat edir, onu Lahorda dəfn edirlər.

“Qoy, bu zavallı qəribin məzarında nə şam olsun, nə gül. Nə kəpənəyin qanadları yansın, nə də bülbül oxusun” – düzü, dövrünün və qövmünün ən məşhur şəxslərindən biri ola bilmiş bu güclü qadın üçün məzarının üstündəki bu epitafiyanın nə anlama gəldiyini təxmin etmək çətindir. Amma məqbərəsini ərininkinə yaxın tikdirməsini sevgiyə yoza bilərik – təbii, nə qədərinin gerçək olduğu bilinməyən Cahangi -Nurcahan eşqini tam olaraq nağıl hesab etməsək.

Ana səhifəMənim FikrimcəBöyük Moğol İmperiyasının birinci şəxsi ola bilmiş birinci ledi