Seçicilər Avropa Birliyindən çıxmağa səs verib
BBC-Azərbaycanca
xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəliblər.
Ümumilikdə Aİ-dan çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52 faizini, qalmağın tərəfdarları isə 48 faiz təşkil edib.
Seçici fəallığı 72,1 faiz olub.
Böyük Britaniyanın Aİ-dən çıxmasının tərəfdarları – Brexit adlı qrup Böyük Britaniyanın Aİ-yə 1973-cü ildə qəbul olunmasından sonra siyasi partiyalar, müdafiə qrupları və müxtəlif şəxslər tərəfindən yaradılıb.
İlk dəfə 1975-ci ildə ölkənin o vaxt Avropa İqtisadi İcması adlandırılan Aİ-dən çıxması barədə referendum keçirilib, lakin səsvermə ölkənin təşkilatda qalması ilə nəticələnib.
2015-ci ildə ölkədə Mühafizəkarlar Partiyası ümumi seçkilərdə qalib olub və referendum yenidən gündəmə gəlib. Ardınca “Avropa İttifaqı Referendum aktı 2015” parlamentə təqdim olunub, növbəti referendumun keçirilməsi il bağlı qərar qəbul edilib.
Aİ-nin tərkibindən çıxmaq hüququ Aİ Sazişinin 50-cı maddəsində göstərilir. Ölkədə hökumət və baş nazirin referendumun nəticələrini qəbul etməmək hüququ var.
Bildirilir ki, 23 iyun referendumunda səsvermənin nəticəsi Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı başlanğıc mərhələdir. Bu prosedur 2007-ci ildə imzalanmış “Lissabon razılaşması” ilə tənzimlənir. Yaxın 2 ildə rəsmi London bütün üzv ölkələrlə təşkilatdan çıxmağın tənzimlənməsi ilə bağlı danışıqlar aparmalıdır.
Son məlumatlara əsasən, Mühafizəkarlar partiyasından Birləşmiş Krallığın Aİ-dən çıxması üçün kampaniya aparan 84 millət vəkili David Cameron-a məktub yazaraq onu Baş nazir vəzifəsində qalmağa çağırıb.
Cənab Cameron Krallığın Aİ-də qalması üçün kampaniya aparırdı və onun bu vəzifədə qalıb-qalmayacağı barədə suallar yaranıb.