Liz Truss: “Biz bunu Putin rejimini dəstəkləyən oliqarxlar üçün çox ağrılı etməliyik”
Britaniyanın xarici işlər naziri Liz Truss Ukraynada Rusiya qüvvələrinə qarşı döyüşəcək fərdi britaniyalıları dəstəkləyəcəyini bildirib.
Xanım Truss BBC-nin “Bazar Səhəri” proqramına danışıb.
Bu, Ukrayna lideri Vladimir Zelenskinin ölkənin beynəlxalq “dostlarını” münaqişədə mübarizə aparmağa kömək etməyə çağırmasından sonra baş verir.
“Ukraynanın hər bir dostu ölkəni müdafiə etmək üçün Ukraynaya qoşulmaq istəyir, lütfən bura gəlin, sizə silah verəcəyik”, – Zelenski deyib.
Xanım Truss çağırışı dəstəkləyib-dəstəkləməyəcəkləri ilə bağlı sualı belə cavablandırıb: “Mən bunu dəstəkləyirəm. Təbii ki, bu, insanların öz qərarlarını verə biləcəyi bir işdir”.
“Ukrayna xalqı azadlıq və demokratiya uğrunda mübarizə aparır – təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün. Çünki prezident Putin ona meydan oxuyur”.
“ İndependent” isə Liz Trussa istinadən yazır ki, Xarici İşlər Nazirliyi qarşıdakı aylarda sanksiyalara məruz qalacaq rus oliqarxlarının “hit siyahısı”nı hazırlayır.
Lis Truss söyləyib ki, Vladimir Putinin super zəngin müttəfiqlərinin gizlənmək üçün heç bir yeri qalmayacaq.
Bu açıqlama Baş nazir Boris Consonun qərarlarından sonra verilib. Bu qərar yüksək xalis sərvəti olan 8 rusla bağlıdır. Həmçinin onlara məxsus qurum və törəmə şirkətlərdə çalışan 100-dən çox fiziki şəxs səyahət qadağaları və aktivlərinin dondurulması ilə üzləşəcək.
Nazir deyib ki, artıq Xarici İşlər Nazirliyinə hüquqşünasların hədə-qorxu məktubları gəlir:
“Ona görə də bu şəxslərə sanksiya tətbiq etməzdən əvvəl işlərin düzgün hazırlandığına və əlimizdə düzgün dəlillərə malik olduğumuza əmin olmalıyıq”.
“Biz bunu addım-addım atırıq, hazırda bu “hit siyahı” üzərində işləyirik və bir neçə həftədən bir yeni oliqarxlara sanksiya verməyə davam edəcəyik. Biz bunu Putin rejimini dəstəkləyən oliqarxlar üçün çox ağrılı etməliyik. Yüzdən çox rusiyalı milyarder var”, – XİN rəhbəri deyib.
“Kimi və nəyi hədəflədiyimizlə bağlı heç nə masadan kənarda deyil. Biz bu barədə çox aydınıq – lazım olanı etməyə çox hazırıq”.
Xanım Truss düşünür ki, Ukraynadakı münaqişə çox güman ki, ukraynalıların rus işğalçılarına müqavimət göstərməsi ilə uzanacaq:
“Bu, uzunmüddətli olacaq, çünki ukraynalılar döyüşür. Biz onların çox həvəsli olduqlarını, öz suverenliklərini və öz müqəddəratlarını təyinetmə qərarlarını qorumaq əzmində olduqlarını görə bilərik. Buna görə də bu, çox uzun sürən bir münaqişə olacaq”.