Böyük Britaniya minaların təmizlənməsi üçün maliyyə yardımı ayırır

500 min funt sterlinq insanların təhlükəsizliyinin təmin edilməsinə sərf olunacaq

Source: ANAMA


500 min funt sterlinq insanların təhlükəsizliyinin təmin edilməsinə sərf olunacaq

Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsindən sonra Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının həyata keçirilməsi üçün 500 min funt sterlinq maliyyə ayırır. Məlumatı “Turan” Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən yayıb.

Məlumatda deyilir ki, bu vəsait Dağlıq Qarabağ bölgəsində və ətrafında minaların təmizlənməsi, insanların təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub. Xüsusilə, bu profil üzrə mütəxəssislərin hazırlanması və təlimi üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bundan əvvəl də Böyük Britaniya Azərbaycana humanitar dəstək verib, zərərçəkmiş insanlara yardım üçün Beynəlxalq Qızıl Xaça 1 milyon funt ianə edib.

Böyük Britaniya digər ölkələri də partlamamış mərmilərə görə doğma yerlərinə qayıda bilməyən adamlara yardım etmək üçün Birləşmiş Millətlər Təşkilatının təşəbbüslərini dəstəkləməyə çağırır.

“Dağlıq Qarabağ və ətraf ərazilər ən çox minalanmış ərazilərdən biridir və burada adamların həlak olması və ya onların ağır xəsarət alması barədə tez-tez məlumatlar gəlir.

Böyük Britaniyanın ayırdığı vəsait Birləşmiş Millətlər Təşkilatının təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verərək Ermənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə, görüləcək daha çox iş var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan olan kollektiv səyləri dəstəkləməyə çağırırıq”, – Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton deyib.

Vəsait Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanın yerli və milli minatəmizləmə təşkilatlarına texniki, strateji və idarəçilik dəstəyinin göstərilməsi üçün istifadə olunacaq.

“Böyük Britaniya Ermənistan və Azərbaycanı bütün dünyada minaların tətbiqinin qadağan edilməsini nəzərdə tutan Ottava Konvensiyasını imzalamağa çağırır”, – məlumatda bildirilir

Müxtəlif hesablamalara görə, 2020-ci il müharibəsindən sonra Qarabağ bölgəsində yüz minlərlə mina və partlamamış döyüş sursatı qalır. Mütəxəssislərin fikrincə, onların təmizlənməsi üzrə işlərə ən azı 10 il vaxt sərf olunacaq.

Ana səhifəXəbərlərBöyük Britaniya minaların təmizlənməsi üçün maliyyə yardımı ayırır