İnsan hüquqlarını pozmaqda günahlandırılan Azərbaycan prezidenti İlham Əliyev bu il Bosniyanın Akademik Assosiasiyasının dünya liderlərinə təqdim etdiyi nüfuzlu mükafata layiq görüləcək
Bosniyanın “Klepsidra” Akademik Assosiasiyası prezident və baş nazirlərə verilən mükafatın bu il İlham Əliyevə təqdim ediləcəyi anaonsunu verəndə tənqidlərə tuş gəlib.
Tənqidçilər neftlə zəngin olan Azərbaycanda insan haqlarının vəziyyətinin pis olması, Əliyevin jurnalistləri və siyasi rəqiblərini həbs etdiyini qeyd ediblər.
“Klepsidra”nın beynəlxalq “Isa Beg Ishakovic” mükafatı Bosniya və Hersoqovinyada ən vacib mükafat hesab olunur və 1461-ci ildə Sarayevonun əsasını qoyan Bosniya əsilli osmanlı generalının adına təsis olunub.
Hər il mükafatın kimə təqdim olunacağına Bosniyanın akademik toplumunun seçkin nümayəndələrindən ibarət komitə qərar verir.
“”Isa Beg Ishakovic” beynəlxalq mükafatı bütün xalqların, eləcə də bizim cəmiyyətin həqiqi dostlarını tanıyır və onlar arasında körpü salır”, – deyə komitənin rəhbəri Ljubomir Berberoviç yerli “Klix” saytına açıqlamasında deyib.
“Dövlət xadiminin tanınması həm də bu ölkənin fundamental dəyərlərinin, xüsusiyyətlərinin, mədəniyyətinin və bütövlükdə vətəndaşlarının tanınması deməkdir”, – o, bildirib.
Məsələ burasındadır ki, Əliyevin bu mükafata layiq görülməsi ilə bağlı tənqidlər korrupsiya iddiaları və onun hakimiyyəti dönəmində davamlı olaraq zərbələrə məruz qoyduğu ifadə azadlığına qarşı repressiyalara görədir.
“O və onun hökumət rəsmiləri Azərbaycanı orta əsr feodal qaydaları ilə idarə edirlər”, Bosniyalı araşdırmaçı jurnalist Miranda Patrucic deyib.
Patrucic həm də tanınmış azərbaycanlı araşdırmaçı journalist, Əliyevlər ailəsinin gizli var-dövləti haqqında araşdırma yazandan sonra 2014-cü ildə saxta şəkildə mənimsəmə və vergidən yayınma maddələri ilə həbs olunan Xədicə İsmayılova ilə yaxından əməkdaşlıq edib.
“Münsiflər Heyətinin uzvləri utanıb, xəcalət çəkməlidirlər. Bizimlə eyni dəyərləri bölüşdüyünə görə bu mükafatın verilməsini bir bosniyalı kimi təhqir hesab edirəm”,- Patrucic deyib.
Avropa Parlamentinin 2015-ci ildə qəbul etdiyi qətnamə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti və insan haqları təşkilatlarına qarşı repressiyalara son qoymağa səsləyərək, həbsdə olan jurnalist və aktivistlərin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirdi.
Əliyev isə Azərbaycanda ifadə azadlığına dair problemlərin olması iddialarını qəbul etmir.
“Balkan Insight” “Isa Beg Ishakovic” beynəlxalq mükafatını verən komitə ilə əlaqə saxlayıb, mükafata niyə məhz İlham Əliyevin layiq görüldüyünə dair rəy ala bilməyib.
Yerli medianın yazdığına görə, İlham Əliyev mükafatı almaq üçün Sarayevoya getməlidir. Bu, onun müstəqillikdən sonra Bosniya və Hersoqovinaya ilk səfəri olacaq.
Amma səfərin tarixi hələ ictimaiyyətə açıqlanmayıb.
Buna qədər “Isa Beg Ishakovic” mükafatını Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Makedoniyanın prezidenti Gjorge İvanov, Xorvatiya prezidenti Kolinda Grabar-Kitaroviç və ölümündən sonra Bosniya prezidenti Alija İzetbeqoviçə verilib.
Tərcümə: Leyla Mustafayeva