Borclu vəfat etdiyi üçün ipoteka müqaviləsinə xitam verilib

”Ali Məhkəmə öz qərarını 6 arqumentlə əsaslandırıb”

Source:


”Ali Məhkəmə öz qərarını 6 arqumentlə əsaslandırıb”

“Vəkil Anar Qasımlının səyi nəticəsində Ali Məhkəmənin 6 oktyabr 2015-ci il tarixli, 2(102)-4426/15 saylı Qərarı ilə Mülki Məcəllənin 422-ci maddəsinə əsasən borclunun vəfatı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunaraq borcun təminatı olan ipoteka müqaviləsinə xitam verilib. Bununla da “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” üzrə vacib presedent yaranıb”.

Bu barədə məlumatı hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov yayıb. Onun sözlərinə görə, həmin presedent nəinki eyni ilə, hətta daha böyük əsasla devalvasiya nəticəsində dollar krediti üzrə borcluların xeyrinə istifadə oluna bilər: “Çünki insanın ölümü baş verəcəyi məlum haldır. Necə deyərlər, ölüm haqdır, onu hər kəs dadacaq.

Valyutanın devalvasiyası isə baş verib-verməyəcəyi məlum olmayan haldır. Bu baxımdan əgər baş verəcəyi məlum olan ölüm şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilirsə, baş verib-verməyəcəyi məlum olmayan valyutanın devalvasiyası daha böyük əsasla şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir”.

Ali Məhkəmə öz qərarını 6 arqumentlə əsaslandırıb. Əkrəm Həsənov həmin arqumentləri eyni ilə dollar kreditlərinə şamil edərək, nümunəvi iddia forması hazırlayıb: “Arqumentlər bunlardır:


1) Müqavilə bağlandıqda tərəflər mövcud şəraitin başqa cür dəyişməyəcəyini, manatın sabit qalacağını əsas götürmüşlər;


2) Manatın devalvasiyası Müqavilə üzrə şəraitin dəyişməsini doğuran elə səbəbdir ki, həmin səbəb əmələ gəldikdən sonra borclu həmin səbəbi xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;


3) Müqavilənin olduğu kimi qüvvədə saxlanılması və icraya yönəldilməsi borclunun Müqaviləyə uyğun əmlak mənafeləri nisbətinin əhəmiyyətli dərəcədə pozulması və ona əsassız zərər dəyməsi ilə nəticələnə bilər;


4) Borclu Müqaviləni ümumi şəkildə tanımadığı hər hansı valyutaya deyil, məhz öz milli valyutasına və doğma Mərkəzi Bankına arxalanaraq imzalayıb. Milli valyuta və doğma Mərkəzi Bank deyil, digər valyuta və mərkəzi banka arxalandığı təqdirdə Müqavilənin tərəfi olduğu halda da bu şəkildə Müqavilənin borclu tərəfindən bağlanacağı isə hər hansı sübutlarla öz təsdiqini tapmır;


5) Manatın uzun sürən zəifləmədən deyil, məhz ani qərar nəticəsində devalvasiyaya uğramasını əvvəlcədən borclunun bilə bilməsi və yaxud ehtimal belə etməsi qeyri-mümkündür. Ali Məhkəmənin sözügedən Qərarı üzrə işdə borclu ipoteka qoyana ölməyəcəyi barədə vəd verməmişdi. Mərkəzi Bank isə manatın sabit qalacağını və devalvasiyaya məruz qalmayacağını həmişə vəd edirdi;


6) Manatın və Mərkəzi Bankın borclu üçün kənar deyil, məhz milli və doğma olması, habelə manatın devalvasiyasını ehtimal belə edə bilməməsindən ibarət hallar, manatın devalvasiyasının borclu üçün Müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin məhz əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməsinə əsas verir”.

Ana səhifəXəbərlərBorclu vəfat etdiyi üçün ipoteka müqaviləsinə xitam verilib