“189 Delivery” rəqib şirkətdən şikayət edib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Bolt”u cərimələyib.
Xidmətin yaydığı press-relizdə belə deyilir.
Bildirilir ki, “Delivery Azerbaijan” MMC Dövlət Xidmətinə “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə şikayət edib.
“Bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması zamanı “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğu müəyyən edilib”, – məlumatda vurğulanır.
Dövlət Xidməti bildirib ki, işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib.
Həmçinin haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.
“Delivery Azerbaijan” şirkəti “189 Delivery” adı altında onlayn yemək sifarişi və çatdırılması xidmətləri göstərir.
“Bolt”un Azərbaycandakı törəməsi olan “Bolt Services AZ” MMC Estoniyanın taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən şirkətidir.
2022-ci ilin mayında “Bolt Food” kuryerləri xidmət haqlarının azaldılmasına etiraz olaraq aksiya keçirmişdilər.
“Bolt Services AZ” MMC-dən məsələyə münasibət açıqlamayıblar.