Oyun zamanı saxlanılan azarkeşlər buraxılıb
İyunun 11-də Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunu zamanı “istefa” şüarları səsləndirdikləri üçün saxlanılan azarkeşlərin hamısı buraxılıb.
Məlumatı “Turan” azarkeşlərə istinadən yayıb.
Onlardan biri -İmran Hacıbəyli bildirib ki, Azərbaycan yığması Slovakiya komandası ilə oyunda üç qol buraxdıqdan sonra tamaşaçılar yerlərindən qalxaraq "İstefa!" şüarını səsləndirməyə başlayıblar.
4-cü qoldan sonra şüar daha ucadan səsləndirilib. Mülki geyimli şəxslər İ.Hacıbəylini və daha 16 azarkeşi polis bölməsinə aparıblar.
“Bölmədə dedilər ki, istefa tələbinin yığmanın baş məşqçisinə (xorvatiyalı mütəxəssis Nikola Yurçeviç) ünvanlanması barədə açıqlama yazaq”. Əslində "İstefa!" şüarı AFFA rəhbəliyinə ünvanlanıb.
Saat 23.00-a yaxın saxlanılanların hamısı buraxılıb. 24-cü polis bölməsindən və DİN-dən şərh almaq mümkün olmayıb.
AFFA
rəhbərliyinin istefa tələbi ilə bağlı sosial şəbəkələrdə də kampaniya başladılıb.