Bölmə rəisinin özünü öldürməsilə əlaqədar cinayət işi başlanıb

“Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində iş üzrə istintaq davam edir”.

Foto: Azərtac


Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar aparılır

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Rahib Mirzəyevin ölümü ilə bağlı prokurorluq araşdırma aparır. Bu məsələ Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Rahib Mirzəyevin ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb: “Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində iş üzrə istintaq davam edir”.

Bölmə rəisi iyulun 9-da səhər saat 11 radələrində kabinetində iş yerində xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açaraq, özünü öldürüb.

Mirzəyevlərə yaxın mənbənin verdiyi məlumata görə, mərhum polis rəisi bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

51 yaşlı Rahib Mirzəyev 2019-cu ilin iyulunda Binəqədi rayonu, 4-cü polis bölməsinin rəisi təyin olunub. Bundan əvvəl isə o, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində eyni vəzifədə çalışıb.

Rahib Mirzəyev general-mayor Sahib Mirzəyevin qardaşıdır. Bakının Nizami, Nəsimi rayonlarının polis rəisi olmuş Sahib Mirzəyev həmçinin İnterpolun Milli Bürosuna da rəhbərlik edib. O, 2015-2020-ci illərdə isə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsində işləyib. O, 2020-ci ilin iyulunda yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Ana səhifəSosialBölmə rəisinin özünü öldürməsilə əlaqədar cinayət işi başlanıb