V
üqar Bayramov: “
Bakıda kredit faizi 9.2, rayonlarda 20 faizdən başlayır
”
“Mərkəzi Bankın rəsmi rəqəmlərində Bakı ilə rayonlar arasında həm kredit məbləği, həm də faiz dərəcəsi üzrə ciddi fərq var”, – iqtisadçı Vüqar Bayramovun sözləridir.
O, bildirir ki, 16.27 milyard manatlıq ümumi kredit portfelinin 13.79 milyard manatı Bakının payına düşür. Deməli, ümumi kreditləşmənin 85 faizi Bakıda həyata keçirilir:
“Hər verilən 100 manatlıq kreditin 85 manatı Bakının, qalan 15 manatı isə digər bütün rayonların payına düşür. Məsələ heç də rayonlarda kredit portfelinin azlığı ilə tamamlanmır. Bakıda orta kredit faizi 9.2 olduğu halda, rayonlarda bu, 20 faizdən başlayır”.
“Ən baha kreditlər Aran iqtisadi rayonunda təklif edilir”
İqtisadçı bildirir ki, Azərbaycanda ən baha kreditlər Aran iqtisadi rayonunda təklif edilir. Deməli, Mingəçevir, Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab ən yüksək faizli kredit götürən rayonlardır. Sözügedən iqtisadi rayonda kreditlər üzrə orta faiz 22.6-dır:
“Cənub bölgəsi bahalı kreditlərin faizinə görə, Aran iqtisadi rayonuna “cüzi uduzur”. Belə ki, Lənkəran iqtisadi rayonunda orta kredit faizi 22.4-dür. Şəki-Zaqatala sakinləri isə krediti orta hesabla 22 faizlə götürürlər. Deməli, rayonda yaşayanlar Bakıdakılara nisbətən 2.5 dəfə çox faiz ödəyirlər”.
“Regional disbalansın aradan qaldırılması üçün real addımlar atılmalıdır”
Vüqar Bayramov deyir ki, aparılan tədqiqatlar istehlak kreditləri üzrə orta faizin Mərkəzi Bankın rəsmi orta kredit faizlərindən çox olduğunu göstərir:
“Rəsmi statistikada Bakı və rayonlar üzrə orta kredit faizlərinin nisbətən az olması – portfelə ipoteka, biznes, güzəştli kreditlər üzrə faiz dərəcələrinin daxil edildiyini göstərir. Rəsmi rəqəmlərin təhlili isə göstərir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank kreditləşmədə regional disbalansın aradan qaldırılması üçün real addımlar atmalıdır”.